“Caspian European Club”un FMCG komitəsinin iclası keçirilib
Bakı, 24 aprel, AZƏRTAC
FMCG komitəsinin rəhbəri, Veysəloğlu Şirkətlər Qrupunun biznesə dəstək üzrə direktoru İlqar Nurinin sədrliyi ilə təşkil olunmuş toplantıda FMCG sektoru şirkətlərinin rəhbərləri və nümayəndələri şirkətlərin qarşılaşdığı problemləri, həmçinin onların həlli yollarını müzakirə ediblər.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev AZƏRTAC-a bildirib ki, səsləndirilən təkliflər “Caspian European Club”un hüquq komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumlarına göndəriləcək. İşçi qrupunun dövlət qurumları və parlament komitələri çərçivəsində aparılan müzakirələrin yekunu əsasında xüsusi hesabat və Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevə təqdim etmək üçün təkliflər paketi hazırlanacaq.
“Caspian European Club”un idarə heyətinin üzvləri və komitə rəhbərləri Samir Hacıyev və Avni Dəmirçi də müzakirələrdə fəal iştirak ediblər.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.
2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” yaradılıb. Hər iki təşkilat iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un üzvü, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.