CƏBRAYIL RAYONU AKADEMİK MEHDİ MEHDİZADƏ ADINA ORTA MƏKTƏBİN KOLLEKTİVİNƏ
Əziz şagirdlər!
Azərbaycan milli təhsil sisteminin inkişafında xidmətləri olan Cəbrayıl rayonu akademik Mehdi Mehdizadə adına orta məktəbin 130 illik yubileyi münasibətilə sizi, məktəbin məzunlarını və respublikamızın maarif işçilərini ürəkdən təbrik edirəm.
Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən geniş vüsət almış maarifçilik hərəkatı yeni tipli məktəblərin təşkili üçün əlverişli zəmin yaratmış, bölgədə mühüm mədəni hadisə olmaqla bərabər, gənc nəslin Avropa təhsil sisteminə qovuşması işində əvəzsiz rol oynamışdır. Həmin dövrlərdə təşkil olunan və bu gün artıq yaranmasının 130 illiyi qeyd edilən məktəbinizin də Azərbaycanda maarifçiliyin inkişafında xidmətləri vardır. Bu tədris müəssisəsi maarifpərvər insanların fədakar əməyi sayəsində ölkəmizin qabaqcıl təhsil ocaqları sırasında öz dəst-xətti ilə seçilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində təhsil sistemimiz də böyük çətinliklərlə qarşılaşmış, erməni işğalçıları tərəfindən azərbaycanlıların öz doğma yurdlarından didərgin salındıqları bölgələrin bütün maarif ocaqları kimi, sizin məktəb də dağıdılmışdır. Buna baxmayaraq, Bakı şəhərində məskunlaşan məktəbiniz özünün zəngin pedaqoji ənənələrini indi də davam etdirir. İnanıram ki, kollektiviniz gənc nəslin biliklərə dərindən yiyələnməsi, Vətənin layiqli övladı kimi formalaşması üçün bundan sonra da qüvvə və bacarığını sərf edəcəkdir.
Yubiley münasibətilə məktəbinizin müəllimlərinə, şagirdlərinə və məzunlarına, bütün təhsil işçilərinə cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2006-cı il.