REGİONLAR
Cəlilabadda xüsusi karantin rejiminin tələblərini pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb
Cəlilabad, 1 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı koronavirus infeksiyasının yayılma riskinin yüksək olduğu qapalı məkanlarda - marketlərdə, xidmət və digər obyektlərdə bəzi vətəndaşların hələ də xüsusi karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb.
Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı sakinlərə və xidmət obyektlərinin sahiblərinə tövsiyələr verilib.
Xüsusi karantin rejiminin tələblərinə əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
Polis əməkdaşları, həmçinin ictimai nəqliyyatda tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsi ilə bağlı nəzarət-profilaktiki tədbirləri də davam etdirir.
Keçirilən reydlər zamanı qaydalara, eləcə də özünün və ətrafdakıların sağlamlığına etinasızlıq, laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarına əməl olunmasıdır.