MƏDƏNİYYƏT
“Azərbaycan uşaqlarının əsərlərində bolqar qızılgülü” sərgisi Karlovo Qızılgül Festivalında təqdim edilib
Bakı, 26 may, AZƏRTAC
Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Bolqarıstanın Karlovo Qızılgül Festivalı 2024 çərçivəsində “Azərbaycan uşaqlarının əsərlərində bolqar qızılgülü” sərgisini təqdim edib.
Festivalın rəsmi qonaqları qismində Braziliyanın, Mərakeş Krallığının, Birləşmiş Ərəb Əmirliklərinin, Kamboca Krallığının Bolqarıstandakı səfirləri, Karlovo Bələdiyyə Şurasının sədri, Plovdiv vilayətinin qubernatoru, Yaponiya səfirliyinin birinci katibi, Bolqarıstanın müxtəlif bələdiyyələrinin merləri və başqaları iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən məlumat verilib.
Sərgini açarkən mərkəzin direktoru Sofiya Şıqaeva-Mitreska bildirib ki, qızılgül Bolqarıstanın rəmzi olaraq Azərbaycanda çox məşhurdur. O, bu rəsmlərin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə Milli Azərbaycan Tarixi Muzeyinin “Bahar paralelləri: Azərbaycan-Bolqarıstan” birgə layihəsinin nəticəsi olduğunu və bolqar qızılgül rəsmlərinin “Uni Kids Club” studiyasının uşaqları tərəfindən çəkildiyini söyləyib. Həmçinin o, festival çərçivəsində bolqar tamaşaçılarını Azərbaycan poeziyasına daha da yaxınlaşdırmaq məqsədilə Nizami Gəncəvinin Azərbaycan və bolqar dilində qəzəllərini təqdim edib.
Gənclərlə iş üzrə Karlovo Bələdiyyə Məsləhət Şurasının üzvlərinin təşəbbüsü ilə yaradılan, Bolqar Əlifbası, Maarifi və Mədəniyyəti Günündə açılan ilk Gənclər kəndinin mərkəzində sərgilənən rəsmlər şəhər sakinlərinin və qonaqlarının böyük marağına səbəb olub.
İkigünlük sərgi Azərbaycan və Bolqarıstan xalqları arasında hörmət və dostluq əlaməti olmaqla, adət-ənənələr və mədəniyyətlər mübadiləsinin inkişafına, həmçinin Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək.
Qeyd edək ki, əsrlər boyu qeyd edilən Karlovo Qızılgül Festivalı bolqar xalqının mədəniyyətini, milli-mənəvi dəyərlərini əks etdirən ölkənin möhtəşəm tədbirlərdən biridir.