CƏMİYYƏT
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda intellektual oyun üzrə çempionat keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17167119865427817391_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167119866248656201_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716711986401965882_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167119864855835010_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167119866138045403_1200x630.jpg)
Moskva, 26 may, AZƏRTAC
Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda “Klub-14” intellektual oyunu üzrə yaz çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” pavilyonu Kubokuna “Klub – 14” intellektual oyunu üzrə yaz çempionatı “MBA – Moskva” Bankının dəstəyi ilə keçirilib.
Əsas mükafat uğrunda gənclər hərəkatlarını, ictimai təşkilatları, korporasiyaları, dövlət, təhsil və mədəniyyət müəssisələrini təmsil edən iyirmi komanda mübarizə aparıb.
“Klub-14” pavilyonun daxilində həyata keçirilən ilk intellektual layihədir. “İntellektual oyunlar hər zaman müxtəlif nəsillərdən olan insanlar üçün əyləncəli fəaliyyətdir. Mən bundan əvvəl intellektual oyunlarda iştirak etmişəm. Məktəb və tələbəlik illərində “Breyn Ring”də oynamışam. Daha sonra Rusiya nümayəndə heyəti ilə Bakıya, orada “Nə? Harada? Nə vaxt?” üzrə çempionatlar təşkil olunanda tamaşaçı qismində gedirdim. Azərbaycanda mövcud intellektual oyunlar ənənələrinin şahidi olduqdan və tədbirin bu formatının böyük maraq doğurduğunu anladıqdan sonra pavilyonun platformasında “İntellektual klub – 14” yaratmaq qərarına gəldik. 14 rəqəmi “Azərbaycan” pavilyonunun XTNS-dəki sıra nömrəsi deməkdir. Həmvətənlərimiz üçün təkcə daimi əsasda intellektual oyunlar oynamaq deyil, həm də Azərbaycanı daha yaxından tanımaq üçün yeni imkanlar yaranacaq” - deyə XTNS-dəki “Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova bildirib.
“Klub-14” intellektual oyunu üzrə yaz çempionatının qalibləri aralarında birinci yeri bölüşən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan klubu və Ali İqtisadiyyat Məktəbinin Azərbaycan klubunun komandaları olublar.
Onlar əsas mükafatı – “Azərbaycan” pavilyonu Kubokunu və “MBA – Moskva” Bankından xüsusi pul mükafatı alıblar.
İkinci yeri “Xəzər dənizinin quldurları” – “Kükü” gənclər təşəbbüs qrupunun komandası tutub.
Üçüncü yeri “Aksent media” media nümayəndələri komandası və N. A. Nekrasov adına kitabxananın nəzdindəki Şəhər sakinləri Teatrını təmsil edən “Solyanka po Gogolevski” adlı komanda bölüşüblər.
Bütün qaliblər “MBA-Moskva” Bankından və “Azərbaycan” pavilyonundan mükafatlar alıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva