CƏMİYYƏT
Anar Bağırov: Əsas hədəfimiz ölkədə vətəndaşların sayına düşən vəkillərin sayını artırmaqdır
![Anar Bağırov: Əsas hədəfimiz ölkədə vətəndaşların sayına düşən vəkillərin sayını artırmaqdır](/files/2024/2/1200x630/17167219691011920561_1200x630.jpg)
Bakı, 26 may, AZƏRTAC
Son illər ərzində Vəkillər Kollegiyasına qəbul imtahanı müntəzəm şəkildə həyata keçirilir. Əsas məqsədimiz ölkədə güclü, peşəkar və bütün bölgələrdə təmsil olunan vəkillər formalaşdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə müsahibəsində söyləyib.
Anar Bağırov bildirib ki, imtahanda rekord sayda - 600 namizəd iştirak edib: “Demək olar ki, namizədlər Naxçıvan Muxtar Respublikasını və digər regionlarımızı əhatə edir. Həmçinin müxtəlif dövlət və qeyri-dövlət qurumlarında fəaliyyət göstərənlər bu imtahanda iştirak edirlər. Çox sevindirici haldır ki, əvvəlki tendensiya keçmişdə qalaraq dövlət qurumlarında işləyən vətəndaşlarımız da vəkil olmaq arzusundadırlar. İmtahan ilk dəfə olaraq, Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda keçirilir. Korpusun binası bütün beynəlxalq standartlara cavab verir və namizədlər üçün lazım olan hər cür şəraitə malikdir. Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən imtahan öz şəffaflığı ilə seçilir.
Hədəfimiz odur ki, ölkədə vəkillərin sayı 3000-ə çatsın. Bununla da ölkə vətəndaşlarının sayına düşən vəkillərin sayı xeyli artacaq”.