DÜNYA
Cəmi 1 sent nominalı olan poçt markası hərracda milyonlarla dollara satıla bilər

Bakı, 14 mart, AZƏRTAC
Nyu-York Auksion Evi "Amerikanın ən qiymətli poçt markası" adlandırdığı 1868-ci ildə buraxılmış və üzərində Bencamin Franklinin təsviri olan 1 sentlik “Z-gril” markasını satışa çıxarır. Bu, sözügedən marka növlərinin iki ən çox tanınmış nümunəsindən biridir. Hərracda nadir marka 26 ildən sonra ilk dəfə satışa çıxarılacaq. Onun nadirliyini filatelistlər “Z-gril” işarəsi ilə qeyd edirlər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Z-gril” markaları kolleksiyaçılar tərəfindən ən çox qiymət verilənlər arasında yer alır. “Gril” 1867-ci ildə təkrar istifadənin qarşısını almaq üçün icad edilmiş poçt markasına qoyulan işarədir (o zaman amerikalılar markanın istifadəsini göstərən ləğvedici mürəkkəbi silməkdə çətinlik çəkirdilər). Ziqzaq naxışına görə belə adlandırılan “Z-gril” ən nadir poçt markası forması hesab olunur.
ABŞ Poçt İdarəsi 1870-ci illərin əvvəllərində marka buraxmağı dayandırdı. Auksion Evinin məlumatına görə, bu gün dünyada çox az sayda sertifikatlı “Z-gril” markaları var - onların hamısı istifadədədir və ləğv işarələri daşıyır.
Satışı həyata keçirən firma - “Robert A. Siegel” qalereyasının prezidenti Skot Trepel bunu belə izah edir: “Əksər “Z-gril” markalarının qiyməti 2 sent idi. Bəzi markalar 3 sentə də satılırdı. Onların çox az hissəsi 1 sentlik, 10 sentlik və 15 sentlik markalar idi”.
Qrossun kolleksiyasından kənarda qalan 1 sentlik “Z-gril” markasının yeganə məlum nümunəsi 1925-ci ildə möhürü ianə kimi qəbul edən Nyu-York İctimai Kitabxanasında saxlanır. Belə ki, 1 sentlik “Z-gril” markasını toplayan kolleksiyaçı ABŞ markalarının "tam" kolleksiyasını toplayan ikinci şəxs olub. “New York Times” yazır ki, Qross bu hobbiyə 100 milyon dollardan çox pul xərcləyib.
“Robert A. Siegel” qalereyası 1 sentlik “Z-gril” markasına 4-5 milyon dollar qiymət qoyub. Bütün işlər qaydasında gedərsə, o, ABŞ tarixində ən bahalı poçt markası olacaq. Cari rekord keçən payızda satılan 2 milyon dollarlıq “İnverted Jenny” markasına məxsusdur. Dünyanın ən bahalı markası isə 2021-ci ildə 8 milyon dollardan çox gəlir gətirən Britaniya Qvianasından 1 sentlik bənövşəyi markadır.