Cəmiyyətin aparıcı təbəqəsi olan gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir
Bakı, 2 fevral, AZƏRTAC
Gənclik ömrün ən gözəl çağı, tükənməz qüvvədir. Cəmiyyətin aparıcı təbəqəsi olan gənclərimiz Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü, yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclərin inkişafına yardım edən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin etmiş olur. Fiziki və mənəvi cəhətdən sağlam, təfəkkürlü, müasir texnologiyalarla işləməyi bacaran, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparan potensial qüvvədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
S.Xasayeva bildirib ki, dövlətimiz gənclərin inkişafına böyük diqqət və qayğı göstərir. Hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur Gənclər Gününün təsis olunması, ümumiyyətlə, müstəqil Azərbaycanda məqsədyönlü gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində yer verib. Ümummilli Liderin siyasi irsini öyrəndikcə Azərbaycan gəncliyinə necə böyük diqqət və qayğı göstərdiyinin şahidi oluruq. Ulu Öndərin imzaladığı bir çox sərəncamlar da zamanında gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb. Müasir dövrümüzdə də dövlətimiz və onun rəhbəri Prezident İlham Əliyev gənclər üçün böyük işlər görür. Ölkəmizdə gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəmiz mübariz Azərbaycan gəncliyinin Vətənimizi qorumağa və onun uğrunda canını əsirgəməyə hazır olduğunu bir daha göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev də qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə Vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb.
Səbinə Xasayevanın sözlərinə görə, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu gündən-günə artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inamı artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün daha səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
“Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin Lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır”, - deyə deputat fikirlərini tamamlayıb.