Cənub bölgəsində turizmə dair layihələrin ratifikasiya seminarı təşkil olunub
Bakı, 15 noyabr, AZƏRTAC
BMT-nin İnkişaf Proqramının (UNDP-Azerbaijan) Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək layihəsi çərçivəsində, Lənkəranda Dövlət Turizm Agentliyi üçün hazırlanmış Cənub Bölgəsinin Turizm Destinasiya Menecmenti Planına (DMP) daxil edilməsi üçün təklif olunan layihələrin ratifikasiya seminarı keçirilib.
AZƏRTAC BMT-nin İnkişaf Proqramının məlumatına istinadla xəbər verir ki, Lənkəran Regional Turizm Departamenti, yerli turizm müəssisələri, hakimiyyət orqanları və Lənkəran, Astara, Lerik bələdiyyələrinin sıx əməkdaşlığı ilə təşkil edilmiş seminarın əsas məqsədi DMP-nin regionun unikal xüsusiyyətlərinə və ehtiyaclarına uyğunlaşdırılmasını təmin etmək idi.
Seminarda regional turizm üzrə DMP diaqnostik təhlilinin nəticələri təqdim olunub, region üçün fəaliyyət planını inkişaf etdirməyə dəstək olan əhatəli layihələr müzakirə edilib. Layihə Azərbaycanda dayanıqlı turizm təcrübələrini inkişaf etdirməyi hədəfləyir və onun Cənub bölgəsində yerli icmalar və turizm sənayesinə müsbət təsiri bu məqsədə nail olmaq üçün mühüm addımlardan biridir.