“CƏNUBİ AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca, Milli Məclisin deputatları Cəmil Həsənli, Nizami Cəfərov, şair Oqtay Rza, AMEA-nın əməkdaşı Pərvanə Məmmədli və başqaları çıxışlarında rusdilli oxucuları Cənubi Azərbaycan poeziyasının ikiəsrlik dövrünün ən yaxşı nümunələri ilə tanış edən kitabın əhəmiyyətini vurğulamışlar. Kitab xalq yazıçısı, akademik Mirzə İbrahimovun təşəbbüsü ilə vaxtilə hazırlanmış və 1981-1994-cü illərdə Azərbaycan dilində çap edilmiş “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” əsasında hazırlanmışdır. Topluya 50-dən artıq cənublu soydaşımızın - Əndəlib Qaracadağinin, Şükuhinin, Marağainin, Şəhriyarın, Səhəndin və başqa söz ustalarının şeirləri daxildir. Onları rus dilinə V.Qafarov, S.Məmmədzadə, R.Kazakova, O.Kazakova, M.Sinelnikova, S.Severtsev, N.Orlova, A.Xaldeyev, D.Dadaşidze tərcümə etmişlər. Bildirilmişdir ki, Cənubi Azərbaycan nəsrinin nümunələrindən ibarət antologiya üzərində də iş gedir.
Antologiyanın tərtibçiləri - Milli Məclisin deputatı Elmira Axundova və AMEA-nın əməkdaşı Xuraman Quliyeva kitab üzərində işdən danışmış, onun nəşrinə maliyyə köməyi göstərmiş Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fonduna minnətdarlıqlarını bildirmişlər.
X X X
Həmin gün tanınmış seleksiyaçı alim, professor Əhməd Rəcəblinin (1898-1963) “Nurlan” nəşriyyatında çapdan çıxmış “Babək” romanının da təqdimatı keçirilmişdir.
Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin göndərişi ilə Peruca (İtaliya) şəhərindəki Ali Kral Eksperimental Aqrar İnstitutunda təhsil almış, sonralar məşhur seleksiyaçı alim, akademik N.İ.Vavilovla yaxından əməkdaşlığına və əcnəbi alimlərlə əlaqələrinə görə 1937-ci ildə həbs edilmiş Əhməd Rəcəblinin Maqadanda sürgündə olarkən, papiros kağızlarına yazıb azadlığa buraxılan dustaqlar vasitəsilə hissə-hissə evə göndərdiyi “Babək” romanını yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, yarımçıq qalmış bu roman Azərbaycan nəsri tarixində Babəkə həsr olunmuş ilk bədii əsərdir.