İDMAN
Cənubi Koreya KXDR-ə 2032-ci il Olimpiadasını birgə keçirməyi təklif etmək niyyətindədir
![Cənubi Koreya KXDR-ə 2032-ci il Olimpiadasını birgə keçirməyi təklif etmək niyyətindədir](/files/2018/3/1200x630/15367610153156311501_1200x630.jpg)
Bakı, 12 sentyabr, AZƏRTAC
Koreya Respublikası 2032-ci il Yay Olimpiadasının yarışlarının hər iki ölkə ərazisində keçirilməsi üçün KXDR-ə həmin Olimpiadanın birgə təşkilini təklif etmək niyyətindədir.
AZƏRTAC “Renhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Tokioda səfərdə olan Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri To Çon Hvan bildirib. Nazir deyib: “Təklif bu tədbirin (Olimpiadanın) Seulda və Pxenyanda keçirilməsinə aiddir. Bu məsələ Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR-in lideri Kim Çen Inın iştirakı ilə qarşıdakı sammitin gündəliyinə daxil edilib”.
2020-ci ildə Tokioda keçiriləcək növbəti Olimpiya Oyunları mövzusuna toxunan nazir əlavə edib ki, o, idmanın müxtəlif növlərində hər iki Koreyanın birləşmiş komandalarının yaradılması imkanlarını nəzərdən keçirmək üçün təşkilatçıların dəstəyini almaq niyyətindədir.
İki Koreya ölkəsinin artıq bu sahədə müəyyən təcrübəsi var. Bu il fevralın 9-da KXDR və Cənubi Koreya yığmalarının nümayəndələri vahid Koreya bayrağı altında “Pxençan-2018” Olimpiadasının açılış mərasimində idmançıların paradında iştirak ediblər. Bundan başqa, Koreya Respublikasının və KXDR-in qadınlardan ibarət birləşmiş xokkey komandası Olimpiya turnirində yarışıblar. 2018-ci ilin Asiya Oyunlarında da hər iki ölkəni təmsil edən bir neçə birləşmiş komanda mübarizə aparıb.