CƏNUBİ QAFQAZ REGİONUNDA NƏ BAŞ VERDİYİNİ BİZ YAXINDAN BİLİRİK
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat vermişlər ki, belə görüşlərin strateji xarakter aldığını və ABŞ-ın Azərbaycana böyük diqqət göstərdiyini söyləyən general-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda vəziyyətin gərgin qaldığını və indiyədək Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistanın işğalı altında olduğunu xatırlatmış və demişdir ki, Ermənistan-Azərbaycan münaqişəsini dondurmaq olmaz. Artıq hər şeyi öz adı ilə çağırmaq və Ermənistanı işğalçı dövlət adlandırmaq lazımdır.
General Çarlz Uold qəbul üçün təşəkkür etmiş, deyilən fikirlə razılaşdığını bildirmiş və diqqətə çatdırmışdır ki, Cənubi Qafqaz regionunda mövcud vəziyyət dünyanın ən iri beynəlxalq təşkilatlarının nəzarəti altındadır. Regionda nə baş verdiyini biz yaxşı bilirik.
Nazir Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində bu ilin sentyabrında keçiriləcək “Kooperativ Best Effort-04” təlimlərinə ciddi hazırlaşdığını söyləmişdir.
Belə təlimlərin Azərbaycanda keçirilməsinin çox əlamətdar hadisə olduğunu və Azərbaycanı NATO ilə daha da yaxınlaşdıracağını vurğulayan amerikalı hərbçi demişdir ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan bölgədə böyük nüfuzu olan dövlətdir. ABŞ və Azərbaycan arasında münasibətlər daha da formalaşır və əlaqələrimiz uzunmüddətlidir. ABŞ-la Azərbaycanın ümumi strateji maraqları vardır.
Ölkəmizin müdafiə naziri Azərbaycanla ABŞ-ın günbəgün daha sıx əməkdaşlıq etdiyini, “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin ləğv olunmasının vacibliyini nəzərə çatdırmışdır.
Beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılan görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Nensi Makkeldauni və hərbi attaşe polkovnik-leytenant Brendan Makalun iştirak etmişlər.