DÜNYA
Cənubi və Şimali Koreya arasında Qış Olimpiya Oyunları ilə bağlı növbəti görüş keçiriləcək
Bakı, 11 yanvar, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Cənubi Koreyanın Pxençan şəhərində gələn ay keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına dair iki Koreya arasında işçi səviyyədə növbəti görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının Birləşmə Nazirliyinin rəsmisi görüşün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) hər iki ölkənin nümayəndə heyəti ilə məsələyə dair yanvarın 20-də Lozannada təşkil olunacaq görüşündən əvvəl keçiriləcəyini bildirib. İki Koreya arasında mövzu ilə bağlı danışıqların yekunu olaraq Lozannada BOK-un himayəsi altında təşkil olunacaq görüşdə KXDR heyətinin Qış Olimpiya Oyunlarında iştirakının detalları razılaşdırılacaq.
Qeyd edək ki, yanvarın 9-da Cənubi və Şimali Koreya rəsmiləri arasında keçirilmiş görüşdə KXDR tərəfi Olimpiya Oyunlarına idmançılar, rəsmi nümayəndə heyəti, nümunəvi çıxışlar üçün incəsənət və taekvondoçular qrupu, habelə jurnalistlər göndərəcəyini bəyan etmişdi.
İşçi səviyyədə keçiriləcək növbəti görüşdə KXDR heyətinin səfər proqramının detalları müzakirə ediləcək. Koreya Respublikası KXDR heyətinə hər cür dəstək göstərəcəyini bildirib.