Çayların məcrası genişləndirilir
İsmayıllı, 14 aprel, AZƏRTAC
İsmayıllı rayonunda baş verə biləcək sel və daşqın təhlükəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin İsmayıllı suvarma sistemləri idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayon ərazisindən keçən Talıstançayın məcrası genişləndirilir, sahilbərkitmə işləri aparılır. Əraziyə 4 ədəd texnika cəlb olunub. Daha təhlükəli hesab olunan 2000 metr ərazidə qazma işləri görülüb, çayın məcrasının eni 30-45 metrə çatdırılıb. İlkin mərhələdə Talıstançayın 21 kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulub.
Lahıc qəsəbəsinin də sel sularından və daşqınlardan mühafizəsi ilə əlaqədar tədbirlər görülür. Belə ki, Girdimançay və Cülyançayda məcra təmizləmə işlərinə başlanıb.
Rayonun Kəlbənd kəndinin ərazisindən keçən Quruçayda da yaşayış və əkin sahələrinin mühafizəsi məqsədilə sahilbərkitmə işləri nəzərdə tutulub. Habelə, 29 kilometr olan Göyçay-İsmayıllı beton kanalının lildən təmizlənməsi işləri də diqqətdə saxlanılır.