Çernobıl qəzasının aradan qaldırılmasında Azərbaycandan 7 mindən çox insan iştirak edib
Xırdalan, 26 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətində 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş qəzanın 32-ci ildönümü ilə əlaqədar rayonda yaşayan 85 Çernobıl əlili və onların ailə üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş Çernobıl qəzası qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov bildirib ki, 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək onların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artırılıb. Prezident İlham Əliyev də cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara qayğını hər zaman diqqət mərkəzində saxlayır.
Respublika Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Abşeron filialının sədri Rövşən Qədəşov dövlətin əlillərə göstərdiyi diqqət və qayğıdan danışıb. O, Çernobıl əlillərinin bir qisminin dövlət tərəfindən mənzil və avtomobillərlə təmin edildiyin vurğulayaraq qeyd edib ki, qəza baş verən zaman onun nəticələrini aradan qaldırmaq üçün səfərbər edilən heyət arasında ən çox müsəlmanlar olub. Onların da arasında böyük say tərkibini azərbaycanlılar təşkil edib.
Çernobılçılar adından çıxış edən Temur Məmmədxanov, Yuri Qarayev, Soltan Hacıyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım göstərilib.