“Çevik müdavimlər” adlı estafet yarışı keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Bakı şəhərində yerləşən filiallarının xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında “Çevik müdavimlər” adlı estafet yarışı təşkil edib.
AZƏRTAC xəbər verir ki, Cəmiyyətin sədri Niyazi Eynalov bu yarışın rəşadətli ordumuzun düşmən üzərində Aprel qələbəsinin 2-ci ildönümünə və prezident seçkiləri ərəfəsinə təsadüf etdiyini deyib. O, yarışın mahiyyəti barədə məlumat verərək qeyd edib ki, hər tədris dövründə müdavimlərlə təşkil edilən bu kimi ardıcıl yarışlar Silahlı Qüvvələrimizin sıralarında xüsusi hərbi ixtisaslı sürücü mütəxəssis kimi xidmət edəcək müdavimlərin hərbi vətənpərvər, döyüşkən əhval-ruhiyyəli, fiziki cəhətdən sağlam və hərtərəfli hərbi hazırlıqlı olmasına kömək edir.
Yeddi tapşırıqdan ibarət olan yarış boyunca müdavimlərə şərti döyüş şəraitində hərəkət metodları, ayıq-sayıqlıq, əl qumbaralarından istifadə qaydaları, atıcı silahdan dəqiq nişanalma bacarıqları, yaranmış təsadüflər zamanı avtomobil texnikasını minalanmış sahədən çıxararaq sağ-salamat mənzil başına çatdırmağın yolları, bütövlükdə isə döyüş təcrübəsi praktik olaraq mənimsədilib.
Yarışın yekunlarına görə Cəmiyyətin Nəsimi rayon 1 nömrəli filialının komandası 93 balla 1-ci, Sabunçu rayon filialının komandası 61 balla 2-ci, Binəqədi rayon 1 nömrəli filialının komandası isə 42 balla 3-cü yerə layiq görülüblər.
Münsiflər heyəti yarışın nəticələrini qiymətləndirib, qalib komandaların üzvlərinə hədiyyələr, diplom və kubok təqdim olunub.