Çin XİN: Prezident Donald Trampın səfəri ilə bağlı danışıqlar aparılır
Pekin, 12 fevral, AZƏRTAC
Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Çinə aprel ayına planlaşdırılan səfəri ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Çin XİN rəsmisi Lin Cien fevralın 12-də media brifinqində müvafiq suala cavabında dövlət başçıları arasında danışıqların vacibliyini vurğulayaraq, tərəflərin sözügedən səfərlə bağlı ünsiyyətdə olduqlarını deyib.
“Dövlət başçılarının diplomatiyası Çin-ABŞ münasibətlərində əvəzolunmaz strateji istiqamətləndirici rol oynayır”, - deyən Lin Cien əlavə edib ki, iki dövlət başçısı arasında son telefon danışıqları zamanı Prezident Tramp bir daha apreldə Çinə səfər etmək arzusunu bildirib. Sədr Si Cinpin isə Prezident Trampı Çinə səfərə dəvətini təkrarlayıb.
Qeyd edək ki, ötən ilin oktyabrında Cənubi Koreyanın Pusan şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın görüşündə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın normallaşdırılması ilə yanaşı, liderlərin qarşılıqlı səfərlərinə dair razılıq da əldə olunub. Fevralın 4-də liderlərin telefon danışığı zamanı Donald Tramp apreldə Çinə səfər edəcəyini bildirib. Amma telefon danışığından bir neçə gün sonra bəzi media qurumları diplomatik mənbələrə istinadla məlumat yayıb ki, Prezident Donald Trampın Çinə apreldə nəzərdə tutulan səfəri ABŞ-ın Tayvana 20 milyard dollarlıq yeni silah satışı ilə bağlı qeyri-müəyyənliklə üzləşə bilər. Silah satışı ötən ilin dekabrında elan edilən 11 milyard dollarlıq müqaviləyə əlavə olacaq. Silahlara “Patriot” və “NASAMS” raketləri, dron və artilleriya sistemləri daxil olacaq. Bu, Tayvan üçün indiyə qədər ən böyük satınalmalardan biri olacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [18:09]
Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb
- 12.02.2026 [18:03]
Çin bir raketlə orbitə 7 peyk çıxarıb VİDEO
- 12.02.2026 [17:56]
İŞİD məhbuslarının Suriyadan İraqa köçürülməsi prosesi yekunlaşıb
- 12.02.2026 [16:40]