ELM VƏ TƏHSİL
“Çingiz Aytmatov və müasir türk dünyası” beynəlxalq elmi konfransında Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdur
Bakı, 14 noyabr (AZƏRTAC). Qazaxıstanın paytaxtı Astana şəhərində görkəmli yazıçı və böyük ictimai xadim Çingiz Aytmatovun anadan olmasının 85 illiyi münasibətilə “Çingiz Aytmatov və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş Sammitinin qərarı əsasında formalaşan Türk Akademiyasının təşkil etdiyi tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli təmsil etmişdir.
Beynəlxalq elmi konfransı giriş sözü ilə açan Türk Akademiyasının prezidenti, akademik Şakir İbrayev Ç.Aytmatovun dünya ədəbiyyatı qarşısındakı xidmətlərindən söz açmışdır.
Qazaxıstan parlamentinin deputatı, bu ölkənin Yazıçılar İttifaqının sədri Nurlan Orazalin ölkə rəhbərliyi adından beynəlxalq elmi konfransın əhəmiyyətini qeyd etmiş, görkəmli yazıçının türk dünyası ədəbi-ictimai fikrinin inkişafındakı rolunu yüksək qiymətləndirmişdir.
Qırğızıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdıldajan Akmataliyev dünya şöhrətli yazıçının həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etmişdir.
Akademik İ.Həbibbəylinin “Ədəbiyyatda millilik və bəşəriliyin vəhdətinin Çingiz Aytmatov modeli” mövzusundakı məruzəsində görkəmli yazıçının sənət qüdrətinin özünəməxsusluğu şərh olunmuşdur. Məruzədə, həmçinin “Çingiz Aytmatov və Azərbaycan” mövzusundan ətraflı danışılmışdır. Azərbaycan alimi ümummilli liderimiz Heydər Əliyevin böyük söz ustadının yaradıcılığı haqqındakı “dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir” kimi yüksək qiymət konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. Eyni zamanda, qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli yazıçı Ç.Aytmatovu 2008-ci ildə “Dostluq” ordeni ilə təltif etməsi ölkəmizdə qüdrətli sənətkara dövlət səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir. Ç.Aytmatovun M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurğun, R.Rza, T.Salahov, T.Nərimanbəyov, B.Vahabzadə, Anar və başqalarının sənətinə dair fikirləri, həmçinin Azərbaycan ədəbi-ictimai fikrinin tanınmış nümayəndələrinin dünya şöhrətli qırğız yazıçısı barəsindəki mülahizələri və araşdırmaları ədəbi-mədəni əlaqələrin əhəmiyyətli səhifələri kimi dəyərləndirilmişdir.
Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan Respublikası və başqa ölkələrin tanınmış alimlərinin məruzələri dinlənilmişdir.
Konfrans çərçivəsində, həmçinin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə Türk Akademiyası arasında qarşılıqlı əlaqələrə dair protokol imzalanmışdır.
Sənədi akademik İ.Həbibbəyli və akademik Ş.İbrayev imzalamışlar.
Çoxcəhətli əlaqələrə imkan yaradan əməkdaşlıq protokolunda Qazaxıstanda Azərbaycan mühacir ədəbiyyatının və diaspor nümayəndələrinin bədii irsinin öyrənilməsi, ortaq ədəbiyyat dərsliyinin yaradılması məsələləri də öz əksini tapmışdır.