ÇİNGİZ SADIQOV: FİLARMONİYA YENİDƏN ZÖVQLÜ MUSİQİNİN TƏBLİĞATI MƏRKƏZİNƏ ÇEVRİLMƏLİDİR
-Çingiz müəllim, Bakıya səfəriniz nə ilə bağlı idi?
-Sözün doğrusu, mən, Bakıya konsert verməyə getməmişdim. 77 yaşım var. Bir çox dostlarım, qohum-əqrəbam elə mənimlə yaşıddır. Fikirləşdim ki, bəlkə bir daha gedib onları görə bilmədim. Allahın işidir - kiməsə möhlət verməz. Ona görə, Bakıya onlarla görüşməyə getmişdim. Amma, görünür, Bakı məni hələ unutmamışdır. Məni çox təmtəraqla qarşıladılar. Hava limanına gül-çiçəklə gəldilər, elə oradaca televiziya üçün müsahibə götürdülər, süfrə açdılar, sürücü və avtomobil ayırdılar. Bütün bunlardan sonra, mənə konsert vermək üçün müraciət edəndə necə yox deyə bilərdim? Filarmoniyada konsert təşkil etmək qərarına gəldik. Filarmoniyanın hazırkı direktoru Murad Adıgözəlov ilə məsləhətləşib qərara aldıq ki, konsertə gənc Azərini, istedadlı Azər Zeynalovu və virtuoz tarzən Ramiz Quliyevi dəvət edək. Konserti musiqişünas Aida Hüseynova aparırdı. Xatırlayıram, mən Bakıda 16 nömrəli musiqi məktəbinin direktoru olanda o, həmin məktəbdə oxuyurdu. Bu gün isə konservatoriyanın professorudur. Konsert çox maraqlı və uğurlu keçdi.
Daha sonra bizimlə əlaqə saxlayıb bölgələrə də dəvət etdilər. Mən Şamaxı, Ağsu, Yevlax və Gəncədə oldum. Doğrusunu deyim, Yevlaxı və Gəncəni görəndə heyrətləndim. Xüsusilə də, Gəncə yeni tikilən evləri, geniş küçələri ilə əsil Avropa şəhərinə bənzəyir. Şəhərin mərkəzində maraqlı fəvvarə quraşdırılıb, su musiqinin ritminə uyğun vurur. Bunu Ştrausun, Şopenin valsları müşayiət edir. Mən şəhərin merinə dedim: “Sən başa düşürsənmi ki, Gəncə və Ştraus nə deməkdir? O deməkdir ki, siz həm insanların yaşayış səviyyəsini, həm də musiqi zövqünü yüksəklərə qaldırırsınız”. Ümumiyyətlə, gördüklərimdən belə nəticə çıxarıram ki, bizim cavan Prezident bölgələrin inkişafına böyük diqqət yetirir. Bu, çox təqdirəlayiqdir. Özü cavandır, komandasına da cavan və istedadlı adamları cəlb edir. Sizin vasitənizlə, mənə Prezidentin fərdi təqaüdünü verdiyinə görə, dövlət başçısına təşəkkürümü bildirirəm.
-Maestro, Bakıya sonuncu dəfə ulu öndər Heydər Əliyevin dəvəti ilə 2002-ci ildə, Müslim Maqomayevin yubileyində iştirak etmək üçün getmişdiniz. Sizcə, o vaxtdan bəri Azərbaycanın mədəniyyət sahəsində hansı dəyişikliklər baş verib?
-Yaxşılığa doğru bir neçə dəyişikliyi qeyd edə bilərəm. Məsələn, Azərbaycanın muğam ustadlarının ifaları CD və DVD şəklində buraxılıb, insanlar arasında populyarlaşdırılır. Konservatoriyanı klassik və milli musiqi üzrə iki yerə bölüblər. İki il əvvəl eşitdiyim toyxana və restoran tipli musiqi azalıbdır, gənc bəstəkarlar indi xalq musiqisi üslubunda əsərlər yazmağa çalışırlar. Bunların hamısı məni çox sevindirdi. Əlbəttə, mən toya gedib yaddaqalmayan mahnıları çalıb-oxuyanları da başa düşürəm – ailəni dolandırmaq lazımdır. Amma televiziyada, geniş kütlə qarşısında ifa edəndə gərək çalışsınlar ki, Fikrət Əmirov, Cahangir Cahangirov, Səid Rüstəmov kimi bəstəkarların mahnılarını oxusunlar. Çünki bu mahnılar məhz ana musiqimiz üstündə köklənibdir. Onlar heç vaxt yaddan çıxmayacaqdır. Mən Bakıdakı konsertimdə yalnız belə əsərləri ifa etdim. Yəqin buna görə Azərbaycan xalqı məni hələ unutmayıbdır. Azərbaycan mədəniyyətində filarmoniyanın böyük rolu var. Ümid edirəm ki, təzə direktor oranı yenidən incəsənət ocağına çevirəcəkdir. Murad musiqişünaslar ailəsində böyüyüb və gələcəyi görən adamdır. Onun başçılığı ilə filarmoniya gərək nəinki yaxşı konsert salonu, həm də zövqlü musiqinin təbliğatı mərkəzinə çevrilsin.
-Təəssüratınızı bölüşdüyünüzə görə təşəkkür edirik.