İDMAN
Çunq Von Ço: Azərbaycan idmançılarının Avropa Oyunlarında daha çox qızıl medal qazanmaq imkanları böyükdür
![Çunq Von Ço: Azərbaycan idmançılarının Avropa Oyunlarında daha çox qızıl medal qazanmaq imkanları böyükdür](/files/2015/2/1200x630/14345435542431619159_1200x630.jpg)
Bakı, 17 iyun, Məmməd İsayev, AZƏRTAC
Azərbaycan idmançıları birinci Avropa Oyunlarında uğurla çıxış edirlər. Ümumiyyətlə, Azərbaycan taekvondoçuları son bir neçə ildə yaxşı nəticələr göstəriblər. Oyunlarda müşahidələrim göstərir ki, Azərbaycan taekvondosu çox inkişaf edib. Bu baxımdan Azərbaycan idmançılarının ilk Avropa Oyunlarında qızıl medal qazanmaq imkanları böyükdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dünya Taekvondo Federasiyasının prezidenti doktor Çunq Von Ço bildirib.
Federasiya prezidenti diqqətə çatdırıb ki, Azərbaycan idmançıları gələcəkdə aparıcı taekvondo ölkələrinin atletlərinə də qalib gələ bilərlər. Bunun üçün daha çox təcrübəni və səriştəni bir qədər artırmaq lazımdır. Bunun üçün Azərbaycanda idmançılara hər cür şərait yaradılıb. Mən səmimiyyətlə deyirəm ki, Azərbaycan əsl idman ölkəsidir. Azərbaycan Prezidentinin idmanın, Olimpiya hərəkatının inkişafına diqqət və qayğısı, idmançılara yaratdığı şərait həqiqətən qürurvericidir.
Çunq Von Ço deyib: “Birinci Avropa Oyunlarında yüksək nəticə göstərən altı ən yaxşı idmançının xalları dünya reytinq xallarına da təsir göstərəcək. Yəni, reytinq xalları artacaq. Nəticədə daha çox idmançılarınız “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak edə biləcəklər".
Dünya Taekvondo Federasiyasının Azərbaycan Taekvondo Federasiyası (ATF) ilə əməkdaşlığından danışan Çunq Von Ço qeyd edib: “Bizim ATF-nin prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov ilə əlaqələrimiz yüksək səviyyədədir. İki federasiya birlikdə təlimlər keçirir. ATF-nin prezidenti bu regionda və Azərbaycanda taekvondoya güclü dəstək göstərir. Belə bir imkan yaratdığına görə Azərbaycan rəhbərliyinə minnətdaram”.