ELM VƏ TƏHSİL
CİSCO ŞƏBƏKƏ AKADEMİYALARININ TƏDRİS MATERİALLARI İLK DƏFƏ OLARAQ RUS DİLİNƏ TƏRCÜMƏ EDİLMİŞDİR
Cisco Şəbəkə Akademiyalarının tədris materialları ilk dəfə olaraq rus dilinə tərcümə edilmişdir. Tərcümə nəticəsində Şəbəkə Akademiyalarının təlim kursları Azərbaycan, Rusiya və MDB-nin digər ölkələrinin informasiya texnologiyaları bazarlarının tələblərinə uyğunlaşacaqdır.
“Cisco sistems” MMC-dən AZƏRTAC-a bildirmişlər ki, Cisco Şəbəkə Akademiyalarının əsas kursu olan “İT Fundamentals” və CCNA (Cisco Certified Network Associate - “Cisco”nun şəbəkələr üzrə sertifikatlaşdırılmış mütəxəssisi) sertifikatının əldə edilməsi üçün imtahan vermək imkanı verən 280 saatlıq CCNA Discovery kursu rus dilinə tərcümə edilmişdir. Öz növbəsində, CCNA sertifikatı ən yüksək dərəcəli CCİE (Cisco Certified Internetwork Expert - “Cisco”nun birləşdirilmiş şəbəkələr üzrə sertifikatlaşdırılmış eksperti) sertifikatı daxil olmaqla, şirkətin digər sertifikatlarını əldə edəcəkdir.
“IT Fundamentals” (“İnformasiya texnologiyalarının əsası”) kursu istənilən hazırlıq səviyyəsinə malik dinləyicilərə tövsiyə edilir. Sözügedən kurs Cisco Şəbəkə Akademiyaları proqramına daxildir və orta məktəblərin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan tədris proqramının tərkib komponenti şəklində istifadə edilə bilər.
“İT Fundamentals” kursunun rusdilli versiyası çıxandan sonra MDB ölkələrinin tələbə və şagirdləri “İnformasiya texnologiyalarının əsasları”nı, ingilis dilini hansı səviyyədə bilmələrindən asılı olmayaraq öyrənə biləcəklər.