ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun təbii fəlakətlərə dair yeni nəşri çapdan çıxıb
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dırektoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu və coğrafiya elmləri doktoru, professor Nəriman Paşayevin müəllifliyi ilə “Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymətləndirilməsi” adlı yeni nəşri çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada təbii fəlakətlərin (TF) iqtisadi-coğrafi baxımdan öyrənilməsinin nəzəri və metodoloji əsasları, respublika ərazisində yayılan əsas TF, onların başvermə səbəbləri, vurulan ziyanlar və s. tədqiq olunub. Monoqrafiyada, həmçinin təbii fəlakətlərin sənaye, kənd təsərrüfatı, turizm və nəqliyyat-kommunikasiya sisteminə təsiri öyrənilib, irimiqyaslı xəritələr hazırlanıb, mübarizə tədbirlərinin təkmilləşdirilməsi əsaslandırılıb.
Coğrafiyaçılar, iqtisadçılar, ekoloqlar və s. sahələrin mütəxəssisləri üçün nəzərdə tutulmuş monoqrafiyanın materialları, əldə edilmiş nəticə, təklif və tövsiyələr, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və digər müvafiq nazirlik və təşkilatların struktur bölmələrində, respublika əhalisinin və təsərrüfat sahələrinin TF-nin təsirindən müdafiəsində və düzgün idarə edilməsində istifadə oluna bilər.