CƏMİYYƏT
COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməyimiz Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun nəticəsidir - ŞƏRH
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanda ətraf mühitin qorunması hər zaman dövlətin diqqət mərkəzində olub. Həm ölkə daxilində keçirilən müxtəlif tədbirlər, həm də ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklər bunun bariz nümunəsidir. Otuz ilə yaxın torpaqlarımızın 20 faizdən çoxunun işğal altında qalması nəticəsində həmin ərazilərimiz nəinki həyata keçirdiyimiz ekoloji tədbirlərdən məhrum olmuşdu, hətta ekoterrora məruz qalmışdı. Meşələr və təbii sərvətlərimiz Ermənistan tərəfindən talanmışdı, biomüxtəlifliyə ciddi ziyan vurulmuşdu. Üç il əvvəl əldə edilən tarixi Qələbədən dərhal sonra ölkə başçısının ard-arda verdiyi fərman və sərəncamlar, tapşırıqlarla həmin ərazilərdə quruculuq işlərinə başlanıldı. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulan ölkələr arasındadır. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib: 2050-ci ilə qədər istixana qazlarının miqdarı 40 faiz azaldılacaq.
Bunu AZƏRTAC-a müsahibəsində “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva deyib.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 28-ci sessiyasının bitmək üzrə olduğunu qeyd edən təşkilat sədri bildirib: “Yüz minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Həmin tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Bildiyimiz kimi sessiya çərçivəsində Azərbaycan pavilyonu da nümayiş etdirilir və tədbirlər keçirilir. Pavilyonda ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülən işlərin, həmçinin işğal dövründə ərazilərimizə vurulan zərərin və işğaldan sonrakı - xarabalıqdan cənnətə çevrilmənin görüntüləri nümayiş etdirilir, bu barədə məlumatlar verilir. Pavilyonu ziyarət edənlər daha erməni yalanlarını deyil, Azərbaycanın həqiqətlərini görür, doğrularla tanış olur, həmin torpaqların dirçəldilməsi, Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs gəlməsi reallıqlarını sübutlarla öyrənirlər”.
R.Mehtiyevanın sözlərinə görə, COP28 çərçivəsində əldə edilən ən böyük uğurlardan biri Şərqi Avropa regional qrupunun Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirməsidir. Bununla bağlı rəsmi qərar bu gün plenar iclas zamanı veriləcək: “COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməyimiz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun nəticəsidir. Həmçinin erməni lobbisinin, ölkəmizi gözü götürməyən qüvvələrin yalanlarının, iftiralarının iflasa uğraması deməkdir. Məlumdur ki, Azərbaycan bir çox beynəlxalq tədbirə uğurla ev sahibi edib. Müasir infrastruktura və təhlükəsizliyə malik olmağımız belə mötəbər tədbirlərin keçirilməsi üçün ölkəmizə etimad edilməsinə vəsilə olur. Əminəm ki, Azərbaycan COP29-a da uğurla ev sahibliyi edəcək və ölkəmizdə keçiriləcək tədbir iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək xüsusi hadisələr və təşəbbüslərlə yadda qalacaq”.