SİYASƏT
DAĞLIQ QARABAĞIN STATUSU SÜLH PROSESİNİN ƏN SON MƏRHƏLƏSİNDƏ MÜƏYYƏN EDİLƏCƏKDİR
Berlin, 24 sentyabr (AZƏRTAC). Ermənistan prezidenti Serj Sarkisyan “Vesti v subbotu” proqramının aparıcısı Sergey Brilyova verdiyi müsahibəsində bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsinin, yəni “Madrid prinsipləri”nin əsasını təşkil edən məntiq ictimaiyyətə məlum olmuşdur: “Dağlıq Qarabağın qəti statusunun müəyyən edilməsinə dair referendum keçirilməsi, həm Qarabağda, həm də Ermənistanda “təhlükəsizlik zonası” adlandırılan ərazilərin (Azərbaycanın Dağlıq Qarabağa bitişik, işğal altında olan 7 rayonunun - V.S.) Azərbaycanın nəzarəti altına qaytarılması və bütün münasibətlərin normallaşması”. Sarkisyan daha sonra demişdir: “Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmağa tam haqqı var, lakin onlar onu Dağlıq Qarabağın qəti statusu müəyyən olunandan sonra edə bilərlər”.
Ermənistan prezidentinin bu prosesin mərhələlərinin ardıcıllığını dəyişmək cəhdi diqqəti cəlb edir. Məlum olduğu kimi, “Madrid prinsipləri”nin mahiyyəti münaqişənin mərhələlər üzrə tənzimlənməsindən ibarətdir. Bu prosesdə Dağlıq Qarabağın qəti statusunun müəyyən edilməsi sonuncu mərhələdir. Sarkisyan isə vilayətin statusu məsələsini deyil, azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması məsələsini “mötərizə xaricinə çıxarmağa” çalışır, bu isə prosesin məntiqinə tamamilə ziddir və bu halda on minlərlə insan həmin prosesin girovlarına çevrilir. Mahiyyət etibarilə bu, adi şantajdan başqa bir şey deyildir - “biz öz istədiyimizə nail olmayınca məcburi köçkünlərin geriyə qayıtmasına imkan verməyəcəyik”. Bu, nəinki yolverilməz, hətta əxlaqa zidd məntiqdir!
Tamamilə aşkardır ki, Dağlıq Qarabağın statusu bu diyarın sakinlərinin təqribən 30 faizinin haradasa qürbətdə deyil, öz evlərində - Dağlıq Qarabağda normal və təhlükəsiz şəraitdə yaşamaqla bu prosesdə iştirakı olmadan müəyyən edilə bilməz. Dağlıq Qarabağın qəti statusunun müəyyən edilməsi məsələsi təkcə ermənilərin səlahiyyəti deyildir. Bu diyarın iki icması arasında etimada əsaslanan münasibətlər yaradılmadan onun statusu müəyyən edilə bilməz. Bu məsələni uzaq məsafədən də həll etmək mümkün deyildir. Qarabağlı azərbaycanlıların öz evlərinə qayıtması məsələsini vilayətin statusu ilə əlaqələndirmək bu prosesin məntiqinə ziddir. Axı, Bakı kommunikasiyaların açılması məsələsini Dağlıq Qarabağın Azərbaycana reinteqrasiyasından asılı hesab etmir, nəzərdə tutulan mərhələlərin ardıcıllığına ciddi riayət edir. Vilayətin qəti statusu ilə əlaqədar məsələlərin müzakirəsinə yalnız iki icma arasında münasibətlər normallaşandan və Qarabağ erməniləri ilə Qarabağ azərbaycanlıları illər boyu birgə yaşayandan sonra başlamaq mümkündür.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin