Dahi şəxsiyyətin xatirəsi onun adını daşıyan zirvədə anılıb
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycan dağçılarından ibarət qrup “Heydər zirvəsi”nə qalxıb. Yürüşə Azərbaycan, Real və ARB televiziyalarının əməkdaşları da qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq, qrup üzvləri yüksək əhval-ruhiyyə və qürurla “Heydər zirvəsi”nə qalxaraq dahi şəxsiyyətin barelyefi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini yad edib və Azərbaycan bayrağını dalğalandırıblar.