DAİRƏ SEÇKİ KOMİSSİYASININ YENİ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Şahbuz şəhərinin Heydər Əliyev prospektində 5 saylı Şahbuz-Babək seçki dairəsi dairə seçki komissiyasının yeni inzibati binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov seçki komissiyalarına yaradılan şəraitdən danışaraq bildirmişdir ki, muxtar respublikada 7 seçki dairəsi vardır. Onlardan 3-nün dairə seçki komissiyası xeyli vaxtdır ki, yeni binalara köçürülmüşdür. Hazırda 3 saylı Babək-Kəngərli, 7 saylı Ordubad-Culfa, 1 saylı Şərur-Sədərək seçki dairələrinin dairə seçki komissiyaları üçün yeni inzibati binalar tikilir. Bu obyektlər qarşıdakı prezident seçkilərinədək istifadəyə veriləcəkdir.
Muxtar Respublika Mərkəzi Seçki Komissiyasının sədri dairə seçki komissiyası üçün yaradılmış şəraitə görə ölkəmizin Prezidentinə minnətdarlığını bildirmiş, qarşıdan gələn prezident seçkilərinin demokratik və şəffaf şəraitdə keçirilməsi üçün var qüvvələrini sərf edəcəklərini qeyd etmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov dairə seçki komissiyasının üzvlərinə yeni iş yerlərində uğurlar arzulamışdır.
Ali Məclisin sədri əminliklə bildirmişdir ki, prezident seçkilərində heç bir nöqsana yol verilməyəcək, muxtar respublikanın əhalisi ölkəmizin nüfuzunun yüksəldilməsi üçün mütəşəkkillik nümayiş etdirəcək, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinin yüksək əhval-ruhiyyə ilə keçirilməsində fəallıq göstərəcəkdir.
Sonra açılışı bildirən lent kəsilmiş, mərasim iştirakçıları bina ilə tanış olmuşlar. İş otaqları muxtar respublikada istehsal olunmuş müasir və keyfiyyətli mebel ilə təchiz edilmişdir. Binada müasir istilik sistemi yaradılmış, qazanxana quraşdırılmışdır.