“DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİ HAQQINDA”QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞA HAZIRDIR
İclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.
Layihə ilə bağlı məlumat verən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini İslam Rəfibəyli demişdir ki, sənədin parlamentdə birinci oxunuş müzakirəsi zamanı deputatlar və əlaqədar təşkilatların nümayəndələri tərəfindən çox ciddi irad və təkliflər səslənmişdir. İşçi qrupu onları araşdırmış və hər tərəfi razı sala biləcək variant hazırlamışdır.
Layihənin ən çox mübahisələrə səbəb olan müddəaları bu qanunun qəbulunadək dövlət qeydiyyatından keçmiş daşınmaz əmlakın tanınması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və daşınmaz əmlak üzərindəki bəzi hüquqların dövlət qeydiyyatı ilə əlaqədar olmuşdur.
Müzakirəyə çıxarılmış variantda bu müddəalarla bağlı deyilir ki, qanun qəbul olunanadək dövlət qeydiyyatına alınmış əmlak üzərindəki hüquq tanınır, daşınmaz əmlakın dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən (bu orqan Prezidentin sərəncamı ilə müəyyən olunur) aparılır. Eləcə də qanun qəbul edildikdən sonra tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı aparılır.
Layihə ilə bağlı Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Aparatın rəhbəri Səfa Mirzəyev öz tövsiyələrini vermişlər. Sonda layihənin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.