Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalı keçirilib
Daşkənd, 7 may, АZƏRTAC
Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti Daşkənddəki “Uzekspomərkəz” sərgilər şəhərciyinin həyətində “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalı keçirib.
Festivalda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər ölkələrin səfirləri və diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, diplomatik servis xidmətinin rəhbəri Abduraşid Kayumov festivalın əhəmiyyəti, xalqların bir-birini daha yaxşı tanımasında belə tədbirlərin rolundan danışıb.
Səfirliyimiz və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar haqqında kitablar və albomlar yer alıb. Xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər buraya gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Guşədə qonaqlara milli xörəklərimiz, o cümlədən dolma, plov, dovğa, kükü, həmçinin şəkərbura, paxlava və şərbətlərimiz təklif olunub.
Qarabağın milli qadın və kişi geyimləri, Qarabağ xalçaları, suvenirlərimiz iştirakçıların marağına səbəb olub.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. AMM-nin “Azərbaycan qızları” ansamblının kollektivi milli rəqslərimizi nümayiş etdirib.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb. Festivalda aktiv iştirak etdiyinə görə səfir Hüseyn Quliyevə də festivalın diplomu təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd