DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI TAHİR KƏRİMOVUN ÇIXIŞI
Çox hörmətli Mehriban xanım, bu gün Daşkəsənə gəlişiniz rayonun həyatında çox əlamətdar, mühüm tarixi bir hadisədir. İlk dəfədir ki, dövlət başçısı uca dağlar rayonuna, daşkəsənlilərin görüşünə gəlmişdir. Cənab Prezident, icazə verin, Sizi, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısını Daşkəsən rayonunun bütün əhalisi adından ürəkdən salamlayım. Sizin gəlişiniz bütün daşkəsənlilərin qəlbində əbədi iz qoyacaq və daim yadda qalacaqdır.
Respublikamızda sosial-iqtisadi inkişafın təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Daşkəsən rayonunun inkişafı da ümummilli liderimiz Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Sonsuz sevincimizə səbəb olan Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun və filizsaflaşdırma müəssisəsinin açılışı Sizin rayonumuza, daşkəsənlilərə olan məhəbbətinizin, qayğı və diqqətinizin təzahürüdür. Bu gün ulu öndərimizin abidəsinin və xatirə muzeyinin açılışı daşkəsənlilərin ümummilli liderimizin xatirəsinə böyük hörmət və ehtiramının daha bir təsdiqidir.
İcazə verin, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının və 2006-cı il 12 iyun tarixli Sərəncamınızla təsdiq edilmiş Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planının yerinə yetirilməsi barədə Sizə məruzə edim. Sizin çox böyük diqqət və qayğınız nəticəsində, tapşırıq və göstərişinizlə 2006-cı il ərzində Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonda üç məktəb tikilmiş, 6 məktəb, 2 uşaq bağçası, 6 mədəniyyət evi, bir klub, bir kitabxana, üç xəstəxana və şəhərin yaşayış binalarının dam örtükləri əsaslı təmir olunmuşdur.
Daşkəsən şəhərinin su-kanalizasiya sistemi yenidən qurulmuşdur. Beş yaşayış məntəqəsinə arx su xətti çəkilmişdir. Rayonda 21 kilometrlik elektrik xətti çəkilmiş, şəhərin işıqlandırma sistemi yenidən qurulmuşdur. 4 kilometr yeni qaz xətti, 6 kilometr telekommunikasiya xətti çəkilmiş, elektron tipli ATS-lər quraşdırılmışdır. Şəhərdə 3,5 kilometr uzunluğunda küçələr, kəndlərarası 50 kilometrlik yol təmir olunmuşdur. Daşkəsəndə əhəng daşı müəssisəsi yaradılmış, yeni asfalt zavodu, süd emalı zavodu, xalçaçılıq sexləri, ticarət mərkəzləri, iaşə müəssisəsi tikilib istifadəyə verilmişdir. Rayonda yeni aqrotexniki servis xidməti müəssisəsi yaradılmışdIr. Bu da kənd təsərrüfatının inkişafına əsas zəmindir. Fermerlərə, ayrı-ayrı insanlara aşağı faizlərlə kreditlər verilmişdir.
Cənab Prezident, görülmüş tədbirlər nəticəsində 2006-cı ilin keçən dövrü ərzində 1022 yeni iş yeri açılmışdır ki, bunun da 607-si daimi iş yeridir.
Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı ilə Daşkəsəndə quruculuq, tikinti, abadlıq işləri aparılmışdır. Heydər Əliyev Fondunun xətti ilə Daşkəsən şəhərində ümummilli liderimizin abidəsinin ucaldılmasına, Heydər Əliyev adına parkın salınmasına, Heydər Əliyev Muzeyinin, Yuxarı Daşkəsən qəsəbəsində 200 yerlik, Çovdar kəndində 80 yerlik məktəblərin, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 mənzilli binanın, məscidin tikilib istifadəyə verilməsinə, Şəhidlər xiyabanı kompleksinin tikilməsinə görə biz daşkəsənlilər daim hörmətli Mehriban xanıma minnətdarıq.
Cənab Prezident!
Sizin rayonumuza tarixi səfəriniz qüvvəmizi qat-qat artırır və bizi yeni-yeni uğurlara ruhlandırır. Respublikamızın hər yerində, hər sahəsində inkişaf olduğu, quruculuq işləri getdiyi kimi, bizim də bunda öz payımız olmalıdır. Sizi Daşkəsən rayonunun bütün əhalisi adından bir daha əmin edirəm ki, həmin vəzifənin layiqincə öhdəsindən gələcəyik. Bütün tapşırıqlarınızı yerinə yetirəcək və Sizin daimi diqqət və qayğınız sayəsində Daşkəsən rayonunu inkişaf etdirib qələbədən-qələbəyə, uğurdan-uğura aparacağıq.
Yaşasın müstəqil Azərbaycan dövləti!
Bizi qələbədən–qələbəyə, uğurdan-uğura aparan möhtərəm Prezidentimiz İlham Əliyevə eşq olsun!