DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
AŞPA-nın məruzəçisi Martines Kassan görülən işlərin faydalı olduğunu vurğulamış, hüquq mühafizə sistemində çalışan işçilərin gənc nəsillə əvəz olunmasını və bu istiqamətdə islahatların vacibliyini söyləmişdir.
Polis Akademiyasında təhsil alan gənclər üçün insan hüquqlarının qorunması ilə əlaqədar ayrıca məşğələlər keçirildiyini və bununla bağlı xüsusi qurum yaradıldığını nəzərə çarpdıran nazir Ramil Usubov demişdir ki, vətəndaşlarla kobud rəftarına görə 231 polis işçisi barəsində tədbir görülmüş, onlardan ikisi cinayət məsuliyyətinə cəlb olunmuş, iki nəfər barədə isə cinayət işi davam edir. Bundan başqa, 22 əməkdaşın vəzifəsi aşağı salınıb, 7 nəfərin rütbəsi azaldılmışdır.
Bəzi müxalifət partiyaların rəhbərlərinin hərəkətlərinə də münasibətini bildirən general-polkovnik Ramil Usubov ölkəmizdə qanunun hamı üçün eyni olduğunu qeyd edərək, dövlətimizin başçısının tələbinə əsasən Azərbaycanda ayrı-ayrı partiya funksionerinin və yaxud nazirin yox, vətəndaşların hər birinin təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırmışdır.
Ölkəmizə son səfərlərindən sonra demokratik prinsiplərin həyata keçirilməsi sahəsində görülmüş işlərə, əldə edilən nailiyyətlərə görə daxili işlər nazirinə minnətdarlığını bildirən Andreas Qross və Martines Kassan cinayətkarlıqla mübarizə, vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində də son vaxtlar ölkəmizdə həyata keçirilmiş bir sıra tədbirlərdən, qazanılmış uğurlu nəticələrdən məmnun qaldıqlarını, bu sahədə daxili işlər orqanlarının üzərinə düşən məsul vəzifələrin bundan sonra da dönmədən yerinə yetiriləcəyinə inandıqlarını bildirmişlər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuş və nazir AŞPA həmməruzəçilərinin suallarını ətraflı cavablandırmışdır.