ELM VƏ TƏHSİL
Dekan: 44 günlük müharibə yalnız hərbi və diplomatik deyil, həm də media sahəsindəki Qələbəmizlə tarixə yazılıb
![Dekan: 44 günlük müharibə yalnız hərbi və diplomatik deyil, həm də media sahəsindəki Qələbəmizlə tarixə yazılıb](/files/2023/3/1200x630/1697808279960045127_1200x630.jpg)
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “44 günlük tarix yazan media qəhrəmanları" adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Vətən müharibəsi və postmüharibə dövründə ölkəmizin apardığı uğurlu informasiya siyasətindən, ekstremal jurnalistikanın inkişafından söz açıb. Bildirib ki, 44 günlük müharibə yalnız hərbi və diplomatik deyil, həm də media sahəsindəki Qələbəmizlə tarixə qızıl hərflərlə yazılıb.
Jurnalistika fakültəsinin dekan müavinləri Sevinc Əliyeva və Samir Mirzəyev bu cür tədbirlərin keçirilməsinin şanlı Zəfər tariximizin öyrənilməsi və sonrakı nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb, dünya hərb doktorinasına gətirdiyimiz yeniliklərin bu gün Azərbaycan üçün yeni reallıqlara səbəb olduğunu bildiriblər.
Fakültənin məzunları - Vətən müharibəsi iştirakçısı, “Azərbaycan” qəzetinin redaktoru Rəşad Baxşəliyev və lokal antiterror tədbirlərinin iştirakçısı Osman Hüseynov keçdikləri döyüş yolundan danışıb, xatirələrini bölüşüblər.
Sonra tələbələr tarixi Zəfərlə bağlı təəssüratlarını bildiriblər.