Deputat: Azərbaycan əsgəri şanlı Zəfərlə öz adını tariximizin ən şərəfli səhifəsinə yazdırıb
Şəki, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Üç il bundan əvvəl sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifəsinə çevrilib. İki yüz ildən artıq bir dövrdə Azərbaycan xalqının başına gətirilən bütün müsibətlər xalqımıza da, dünyaya da yaxşı bəllidir. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək, bu möhtəşəm Qələbəni əldə edib. Bu Qələbənin qazanılmasında Azərbaycan əsgərinin vətənpərvərliyi, ölümün gözünə dik baxmağı bacarmağı mühüm rol oynayıb. Ona görə də biz, ilk növbədə, müharibədə canını fəda etmiş şəhidlərə borcluyuq və onların ruhu qarşısında baş əyirik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli Zəfər Günü münasibətilə Şəkidə keçirilən toplantıda deyib.
Deputat bildirib ki, bu Qələbə yalnız Ermənistan üzərində deyil, erməni mifini məhv etmək, onun havadarlarını məğlub etmək nöqteyi-nəzərdən də böyük əhəmiyyət kəsb edir. “Dünya tarixini nə qədər vərəqləsək də, kiminsə öz ərazisini itirib, sonradan onu geri qaytara bildiyini çox çətin tapa bilərik. Məhz Azərbaycan əsgəri, xalqımız bu mümkün olmayanı mümkün edə bildi. Azərbaycan əsgəri bu şanlı Qələbə ilə öz adını tariximizin ən şərəfli səhifəsinə yazdıra bilib”,- deyə Əli Məsimli vurğulayıb.
O deyib: “Bu Zəfər neçə illər həsrətində olduğumuz Böyük Qayıdışa yol açdı. Bu qayıdış, sadəcə, Qarabağ ərazisindən çıxan insanların geri qayıtması deyil. Bu qayıdış, eyni zamanda, Azərbaycanı yeni mərhələyə çıxardıb. Kənd və şəhərləri xarabalığa, hər qarışı minalanmış döyüş meydanına çevrilmiş bir ərazini indi Azərbaycan xalqı əməkdaşlıq arenasına çevirib. Qısa müddət ərzində bu ərazidə aparılan bərpa və quruculuq işlərinə 12 milyard manatadək vəsait ayrılıb, gələn ilin büdcəsində daha 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Biz intellektual müharibədə necə qalib gəlmişiksə, yenə də intellektual yanaşma vasitəsilə Qarabağda dünyaya nümunə olacaq işləri görürük və bunu davam etdirəcəyik”.