“DET.AL LİMİTED” ŞİRKƏTİNİNBAŞ DİREKTORU ƏLİ ÖZKURTUN ÇIXIŞI
Hörmətli qonaqlar, əziz daşkəsənlilər!
Sizlərin hüzurunda ölkəmizin Prezidenti, möhtərəm İlham Əliyevə hamınızın adından “Xoş gəlmisiniz!” deyirəm.
Bu gün bizim üçün bayram qədər sevincli və xoşbəxt bir gündür. Çünki 16 ildir fəaliyyətini dayandıran, ölkənin ən dəyərli istehsal sahələrindən olan mədən xeyir-duanız və uğurlu əllərinizlə yenidən işə başlayır.
Ayağınız o qədər düşərlidir ki, ilin bu mövsümündə belə bir gözəl hava da sanki Sizə “Xoş gəldin!” deyir.
Cənab Prezident, bir az əvvəl hörmətli icra hakimiyyəti başçısının da söylədiyi kimi, bizim məqsədimiz buranın yenidən həyata qaytarılmasıdır. Bu gün də həmin proses Sizin uğurlu əlinizlə başladı. Bizim üçillik planlarımıza uyğun olaraq, Asiyanın ən böyük metallurgiya şirkətlərindən biri olan “Nobl” ilə birgə əldə edilən saziş çərçivəsində 235 milyon dollarlıq investisiya qoyuluşunu həyata keçirəcəyik. Ən son texnologiyadan istifadə edəcəyik. Hazırda bəzi işləri görməyə başlamışıq. Bu mədən də, inşallah, bu gündən etibarən fəaliyyətə başlayacaqdır. Cənab Prezident, iki ay ərzində 4 milyon dollara yaxın sərmayə qoymuşuq. Bundan əlavə 1,5 milyon dollara yaxın vəsait də əməkhaqqı, vergi, elektrik borclarının ödənilməsinə sərf edilmişdir. Allaha şükür ki, bu gün alnımız açıqdır. Allah bizi Sizin yanınızda başıaşağı etməsin. Sağ olun.