ELM VƏ TƏHSİL
Dilçi alim: İraq-Türkman ləhcəsi Azərbaycan dili üçün xarakterik olan 4 şivə qrupunun hər birinin xüsusiyyətlərini mühafizə edib
![](/files/galleryphoto/2023/3/1200x630/16978728971236424110_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16978728976501212406_1200x630.jpeg)
Bakı, 21 oktyabr, AZƏRTAC
Dialekt və şivələr xalqın yaddaşı, mənəviyyatının hopduğu “daş kitabə”lərdir. Bu gün əcdadımızın kökünü, mövcudiyyətinin tarixini ümumtürk arealında ortaya çıxarmaq üçün Orxon-Yenisey abidələri, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”ü, “Kitabi-“Dədə Qorqud” eposu və s. yazılı abidələrə müraciət ediriksə, milli mənliyimizin də ortaya çıxması üçün dialekt və şivələrə üz tuturuq.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının birinci iclasında Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyeva “İraq-Türkman ləhcəsinin tarixi-dialektoloji təsviri” mövzusunda məruzəsində bildirib. Dilçi alim qeyd edib ki, hazırda Azərbaycan dilinin sərhədlərimiz daxilində və xaricində mövcud olan dialekt və sivələrindən dil faktlarını tez bir zamanda toplayıb tədqiq etmək dilçiliyin ən aktual problemi kimi qarşıda durur. Artıq bir neçə ildir ki, Naxçıvan, Qarabağ-Zəngəzur bölgələrinin şivələri müasir dövrün tələbləri səviyyəsində tədqiq olunaraq atlaslarda öz əksini tapıb. Dilçilik İnstitutunun Dialektologiya şöbəsində Qərbi Azərbaycan şivələrinin öyrənilməsi və dilçilik atlasının hazırlanması üçün genişmiqyaslı tədqiqatlar aparılır. İraq türkmanlarının isə bilavasitə ağızlarından material yığılmasa da, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin illərlə topladığı, zənginləşdirdiyi və təkmilləşdirdiyi materiallar əsasında neçə-neçə elmi və praktik əsər çap olunub, bu yaxınlarda “İraq-türkman ləhcəsinin leksikası” adlı monoqrafiya işıq üzü görüb.
Kübra Quliyeva İraq türkmanlarının dili, leksik bazası haqqında danışmazdan əvvəl “türkman” etnoniminin yaranması, türkmanların kimliyi, “Kərkük” adının etimologiyası kimi məsələlərə toxunub, tarixə qısa, lakin dolğun ekskurs edərək iclas iştirakçılarına maraqlı məlumatlar təqdim edib. İraq türkmanlarının dil xüsusiyyətlərindən danışan alim bu sahədə türk tədqiqatçı Hidayət Kamal Bayatlı, eləcə də filologiya elmləri doktoru professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Elbrus Əzizov kimi alimlərin əsərlərinə də istinadlar edib.
Dilçi alim bildirib ki, İraq-türkman ləhcəsinin lüğət tərkibi çox zəngindir. Bu zənginlik sadəcə İraq-türkman ləhcəsini meydana gətirən şivələrin deyil, həm də əsrlər boyu əhatəsində yaşayıb inkişaf etdiyi ərəb və fars dillərinin, eləcə də tarixin müəyyən dövrlərində Azərbaycan, Türkiyə və digər türkdilli xalqlar ilə vahid dövlət halında olduğu, yaxud da onlarla əlaqələrin genişlənməsi dövrlərində dilə aid olan minlərlə yeni sözün hesabınadır. Həmçinin diqqətə çatdırıb ki, İraq-türkman ləhcəsi Azərbaycan dili üçün xarakterik olan 4 şivə qrupunun hər birinin xüsusiyyətlərini mühafizə edib yaşadıb. Türkmanca lüğətlərdə ləhcə xüsusiyyətlərinin saxlanılması, yəni sözün sonunda səs əvəzlənmələrinin olması, yəni q samiti yerinə x/ğ samitlərinin işlənməsi türkmanlarda ədəbi dilin hələ formalaşmadığını, dilin hələ müəyyən qrammatik qanunlara əsaslanmadığını, dialekt xüsusiyyətlərinin aktiv olduğunu göstərir.
O, məruzəsinin sonunda bildirib: “Xalqın tarixi, etiqadı, adət və ənənələri, məişəti, mədəniyyəti, hətta coğrafiyası belə onun dilində yaşayır. Əsrləri adlayaraq günümüzə qədər gələn sözlər xalqın mənəviyyatını, varlığını, ruhunu özündə əks etdirir. Bu mənada həmin materialları özündə daşlaşdıran, dildən-dilə, əsrdən-əsrə ötürən dialekt və şivələrin, eləcə də xalqın daş yaddaşına çevrilən folklor materiallarının nə qədər zəngin bir xəzinə olduğunu göstərir. Ona görə də dialektlərin öyrənilməsi dilin tarixi inkişaf prosesini öyrənmək, onun bu və ya digər dialekt əsasında formalaşmasının yollarını araşdırmaq, xalqın tarixi ilə dilin tarixi arasında qarşılıqlı əlaqəni, vəhdəti müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir”.