ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunda doktoranturaya qəbul imtahanı uğurla yekunlaşıb

Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahan prosesi Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq təşkil edilib. Müvafiq ixtisaslar üzrə komissiya üzvləri imtahan prosesini izləyib. Komissiyanın sədri, elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli gənclərə uğurlar diləyib.
Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov 2023-cü tədris ili üçün Azərbaycan dili, dil nəzəriyyəsi, german dilləri və tətbiqi dilçilik ixtisaslarından elmlər doktoru və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib.
Xarici dil və fəlsəfə imtahanlarından uğurla keçən iddiaçılar Azərbaycan dili və dil nəzəriyyəsi ixtisasları üzrə təqdim olunan imtahan biletlərini verilən vaxt ərzində cavablandırıblar. İddiaçıların imtahan nəticələri komissiya üzvləri tərəfindən “yaxşı” və “əla” qiymətləndirilib.