Dilçilik İnstitutunda professor Oruc Musayevin 90 illik yubileyi qeyd olunub
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda professor Oruc Musayevin 90 illik yubileyi qeyd olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən direktor, akademik Möhsün Nağısoylu Oruc Musayevin səmərəli elmi fəaliyyətindən, dilçilik elminin inkişafına töhfələrindən danışıb. Bildirib ki, Oruc Musayev əmək fəaliyyətinə 1956-cı ildə başlayıb və 50 ildən çox Azərbaycan Dillər Universitetində ingilis dilinin qrammatikası kafedrasında müxtəlif vəzifələrdə - müəllim, baş müəllim, kafedra müdiri və elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. O, iyirmi ildən çox ingilis dilinin qrammatikası kafedrasına rəhbərlik edib, 2013-2019-cu illərdə Dilçilik İnstitutunda hind-Avropa dilləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Tədbirdə professor İlham Tahirov görkəmli alimin həyat və fəaliyyətindən, zəngin elmi irsindən, ingilis dilinin qrammatikası, leksikoqrafiyası sahəsində xidmətlərindən söz açıb.
Professorlar Edison Hacıyev, Arif Hüseynov, İsmayıl Məmmədli Oruc Musayevlə bağlı xatirələrini bölüşüb, onun dost, ziyalı kimi yüksək mənəvi keyfiyyətlərindən danışıblar. Qeyd ediblər ki, görkəmli dilçi alimin yaradıcılığında ingilis dilinin qrammatikası ilə bağlı tədqiqatları mühüm yer tutur.
Sonda Oruc Musayevin ailəsi adından çıxış edən oğlu Pərviz Musayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.