Dilçilik İnstitutunun əməkdaşları elmi tədqiqatları davam etdirirlər
Bakı, 12 may, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun kollektivi ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edir. İnstitut əməkdaşları 2020-ci ilin birinci yarısı üçün həyata keçirilməsi nəzərdə tutulan plan işlərini, nəzəri-təcrübi araşdırmalarını karantin rejiminə uyğun olaraq davam etdirirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Hind-Avropa dilləri şöbəsində işlər illik plan əsasında aparılır. Şöbə müdiri, professor İlham Tahirov 2019-cu ildə yerinə yetirilmiş “Azərbaycan coğrafi adlarının ingilis dilinə transliterasiyası” plan işini “Azərbaycan coğrafi adları ingilis dilində” adlı kitab şəklində nəşrə hazırlayır. Kitabda respublika üzrə ümumilikdə 4590 şəhər, rayon, qəsəbə, kənd inzibati ərazi vahidi adlarının ingilis dilinə transliterasiyası veriləcək. İ.Tahirov “London strukturalizmi” monoqrafiyası üzərində redaktə işlərini davam etdirib.
Şöbənin əməkdaşı, dosent Gülşən Axundova tarixə dair bir monoqrafiyanın redaktoru olub, Dialektologiya şöbəsində yerinə yetirilmiş “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın ingilis və rus dillərində olan variantlarında redaktə işini bitirib. Dosent Lalə Qurbanovanın məqaləsi beynəlxalq jurnalda dərc olunub.
Elmi işçilər “Yaxşı” və “pis” konseptli idiomatik ifadələrin struktur xüsusiyyətləri”, “İtalyan və Azərbaycan dillərinin söz yaradıcılığında suffikslərin rolu”, "Alman dilində samitlərin distribusiyası” məqalələrini çapa hazırlayıblar.
Kompüter dilçiliyi şöbəsinin əməkdaşları Türkiyə, Rusiya, Fransa, İngiltərədə keçiriləcək beynəlxalq konfranslarda iştirak üçün tezislərini təqdim ediblər. Qədim dillər və mədəniyyətlər şöbəsinin əməkdaşları tədqiqat işlərini onlayn mənbələr əsasında davam etdirirlər.