“DİLMANC” MAŞIN TƏRCÜMƏSİ SİSTEMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Rabitə və informasiya texnologiyaları naziri, layihənin elmi məsləhətçisi akademik Əli Abbasov proqram barədə məlumat vermiş, “Dilmanc” Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin əhəmiyyətini vurğulamışdır. O,”Dilmanc” sistemi çərçivəsində, ilk dəfə olaraq, Azərbaycan dilinin formal qrammatikasının və 150 mindən artıq söz və söz birləşməsini əhatə edən avtomatik lüğət bazasının yaradıldığını və bu sistem vasitəsilə ümumişlək xarakterli mətnlərin anlaşıqlı tərcüməsini əldə etməyin mümkün olduğunu bildirmişdir.
Layihənin direktoru Əbulfət Fətullayev “Dilmanc” maşın tərcüməsi sistemi barədə məlumat vermiş, maşın tərcüməsi sisteminin üstünlüklərindən, layihə çərçivəsində aparılan elmi tədqiqatlardan, əldə olunan nəticələrdən danışmışdır. O, hazırda layihənin ikinci mərhələsinin həyata keçirildiyini, ingilis dilindən Azərbaycan dilinə mətn tərcüməsini həyata keçirəcək maşın tərcüməsi sisteminin yaradıldığını diqqətə çatdırmışdır.
Təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, BDU-nun prorektoru, professor Nərgiz Paşayeva, AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev və digər çıxış edənlər layihənin əhəmiyyətindən söz açmış, Azərbaycan və ingilis dillərindən tərcümənin təkmilləşdirilməsində mütəxəssislərin əməyini yüksək dəyərləndirmişlər.