ELM VƏ TƏHSİL
DİM-in müxtəlif nəşrlərinin regionda yerləşən məktəblərə hədiyyə edilməsi davam edir
Bakı, 8 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Xaçmaz Regional Bölməsinin təşkilatçılığı və rayon təhsil şöbələrinin koordinasiyası ilə regionda yerləşən ümumtəhsil müəssisələrinin kitabxanalarına “Abituriyent” jurnalı redaksiyasının nəşr etdirdiyi yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, eləcə də tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına hazırlaşanlar üçün nəşr olunmuş “Abituriyent” jurnallarının xüsusi buraxılışları hədiyyə edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının 65 ümumtəhsil müəssisəsinin kitabxanasına 62 adda 4000-ə yaxın nəşr hədiyyə olunub. Nəşrlər ucqarlarda yerləşən, sərhədyanı kənd məktəbləri əsas götürülməklə, rus və Azərbaycan bölmələri üzrə komplektləşdirilərək təqdim olunub.
Bu vəsaitlərdən sinif şagirdləri, qəbul imtahanına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər metodik vəsait kimi faydalana bilərlər.