“Diplomat” jurnalında Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafından bəhs edən məqalə dərc olunmuşdur
London, 11 iyul (AZƏRTAC). Londonda nəşr olunan nüfuzlu “Diplomat” jurnalında Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafından, son illərdə əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş nailiyyətlərdən, Britaniyada diplomatik fəaliyyəti başa çatan Fəxrəddin Qurbanovun fəaliyyətindən bəhs edən məqalə dərc olunmuşdur.
Məqalədə F.Qurbanovun səfir kimi fəaliyyəti dövründə ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyi və bu xidmətlərinə görə onun 2012-ci ildə “Diplomat” jurnalının təsis etdiyi “İlin diplomatı” mükafatı ilə təltif olunduğu bildirilir. Qeyd edilir ki, o, həmçinin Londonun əsas maliyyə mərkəzi olan “City of London”un fəxri üzvlüyünə qəbul olunmuşdur. Yazıda 2009-cu ilin iyul ayında “City of London”un bələdiyyə sədrinin başçılığı ilə Böyük Britaniyanın işgüzar dairələrindən ibarət nümayəndə heyətinin Azərbaycana uğurlu səfər etdiyi xatırlanır.
Məqalədə diqqətə çatdırılır ki, son illərdə Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərini səciyyələndirən ənənəvi möhkəm siyasi əməkdaşlıq və dialoq inkişaf etdirilmiş, intensiv həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər bu əməkdaşlığın genişləndirilməsinə töhfə vermişdir. Müxtəlif məsələlər üzrə möhkəm siyasi dialoq beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə daha da dərinləşmişdir. Qeyd edilir ki, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasındakı rolu, xüsusilə ölkənin Əfqanıstanda İSAF missiyasına göstərdiyi dəstək Böyük Britaniya tərəfindən yüksək qiymətləndirilir.
İqtisadi əməkdaşlıqdan bəhs edilən məqalədə bildirilir ki, Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin təxminən yarısı məhz Böyük Britaniyanın payına düşür. Enerji sahəsindəki əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin əsasını təşkil edir və bp şirkəti Azərbaycanın enerji sektorunun inkişafında aparıcı rol oynayır. Enerji istiqamətli iqtisadi əməkdaşlığın yeni sahələrə doğru genişləndirilməsi məqsədi ilə 2010-cu ildə Londonda Britaniya-Azərbaycan Biznes Şurası (BABŞ) təsis edilmişdir. BABŞ iki ölkənin biznes dairələri arasında əməkdaşlığın möhkəmlənməsinə çalışır və inkişaf potensialı yüksək olan yeni sahələrə Britaniya təcrübəsi və sərmayələrinin cəlb edilməsinə səy göstərir.
Məqalədə, həmçinin Böyük Britaniyada sıraları getdikdə artan azərbaycanlı icmasının dəstəklənməsi istiqamətində fəaliyyət göstərən “Azərbaycan Evi” mədəniyyət və dostluq mərkəzinin fəaliyyətindən bəhs edilir, təhsil və mədəniyyət sahəsində Azərbaycan-Böyük Britaniya əməkdaşlığının genişləndirilməsi sahəsində qazanılmış nailiyyətlər diqqətə çatdırılır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London