DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
Bakı, 22 aprel, AZƏRTAC
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və DOST mərkəzinin könüllülük fəaliyyətinin təşkili prosesi davam edir. Müsabiqə mərhələsində seçim prosesi zamanı 135 müraciət edənlərdən 42 nəfəri ilkin müsahibəyə dəvət edilib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin mətbuat xidmətinin rəhbəri Şahin Əliyevin AZƏRTAC-a verdiyi məlumata görə, müsahibə mərhələsinə buraxılan 20 gənc DOST könüllüsü kimi fəaliyyət göstərir. Onlar Dövlət Sosial Müdafiə Fondundun qəbul mərkəzində vətəndaşlara xidmət göstərir, sonrakı mərhələdə isə öz fəaliyyətlərini “DOST” mərkəzlərində davam etdirəcəklər. DOST könüllüləri müraciət edən vətəndaşlara müxtəlif prosedur və qaydalar haqqında izahatlar verəcək, anket və ərizələrin doldurulmasına yardım göstərəcəklər. Bundan başqa DOST könüllüləri xeyriyyə aksiyalarında, sosial layihələrdə də iştirak edəcəklər.
Agentliyin mətbuat katibinin dediyinə görə, müsabiqə mərhələsində namizədlər üçün heç bir məhdudiyyət yoxdur. Gənclər, tələbələr, fiziki məhdudiyyəti olanlar və təqaüdçülər də “DOST könüllüsü” ola bilərlər. O, yaşından asılı olmayaraq hər kəsin “DOST könüllüsü” kimi fəaliyyət göstərmək imkanı olduğunu bildirib.
Qeyd edək ki, könüllülük xidmətinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memoranduma əsasən həyata keçirilir.