DÜNYA
DÖVLƏT DUMASI MOSKVA DÖVLƏT UNİVERSİTETİNƏ VƏ SANK-PETERBURQ DÖVLƏT UNİVERSİTETİNƏ XÜSUSİ STATUS VERMİŞDİR
Bakı, 21 oktyabr (AZƏRTAC). İTAR-TASS-ın verdiyi məlumata görə, Dövlət Duması Moskva və Sankt-Peterburq Dövlət universitetlərinin statusu haqqında qanun layihələrini üçüncü oxunuşda qəbul etmişdir. Rusiya Prezidenti Dmitri Medvedevin təklifi ilə bu universitetlərin “Rusiya cəmiyyətinin inkişafı üçün böyük əhəmiyyətə malik nadir elm-təhsil kompleksləri, ölkənin qocaman ali məktəbləri” hesab edilməsi qərara alınmışdır. Moskva Dövlət Universiteti (MDU) və Sankt-Peterburq Dövlət Universiteti (SPDU) müəyyən sahələrdə muxtariyyət əldə edir, lakin eyni vaxtda rektorları seçmək hüququndan məhrum olunurlar.
Qanun layihəsində deyilir ki, Rusiya Federasiyası hökuməti Moskva və Peterburq universitetlərinin təsisçisidir, bu ali təhsil ocaqlarının nizamnamələrini təsdiq edir. MDU və SPDU-nun rektorlarını qanun qüvvəyə mindikdən sonra RF Prezidenti təyin edəcək və işdən çıxaracaqdır. Rektorların səlahiyyət müddəti beş il olacaq, rektorlar üçün yaş həddi müəyyən ediləcəkdir. Əgər nizamnamə təsbit olunarsa, bu zaman fakültələrin dekanları və kafedra müdirləri seçiləcəkdir.
Əvəzində MDU və SPDU özlərinin tədris proqramlarının həyata keçirilməsi, öz standratları və tələblərinin müəyyən edilməsi hüququna malik olacaqlar. Ölkənin bu iki əsas tədris ocağı Rusiyada, habelə xarici ölkələrdə filiallarını və nümayəndəliklərini yaratmaq hüququ əldə edəcəklər. Qeyd edək ki, hazırda həmin universitetlərin belə filialları fəaliyyət göstərir.
Qanun layihəsinə görə, bu universitetlər abituriyentlərin qəbulu zamanı əlavə qəbul sınaqları keçirmək hüququna da malik olacaqlar. Belə ki, Rusiyanın bu ali təhsil ocaqlarına təkcə vahid dövlət imtahanının nəticələrinə görə düşmək mümkün olmayacaqdır. Moskva və Sankt-Peterburq universitetləri federal büdcədən ayırmalar hesabına maliyyələşdiriləcək və dövlət sifarişlərinə müvafiq surətdə fəaliyyət göstərəcəklər. Qanun layihəsinə edilmiş düzəlişlər əsasında müəyyən ixtisasa yiyələnmiş tələbələr müsabiqə yolu ilə magistraturada təhsillərini davam etdirəcəklər və bu, ikinci ali təhsil alınması hesab edilməyəcəkdir. Xatırladaq ki, Rusiyada yalnız vəsait ödənişi hesabına ikinci ali təhsil almağa icazə verilir.
MDU və SPDU-ya xüsusi status verilməsi planları barədə Rusiya Prezidenti Dmitri Medvedev hələ bu il iyul ayının əvvəllərində elm və təhsil naziri Andrey Fursenko ilə görüşündə bildirmişdir. O demişdir ki, ölkədə ali təhsilin daha müasir, səmərəli və günün tələblərinə uyğun səviyyəyə gətirilməsi problemi ilə çoxdan məşğuluq. Federal universitetlər şəklində qurumlar yaradılmasını təklif etmişik və onlar yaxşı fəaliyyət göstərərək genişlənir. Eyni vaxtda milli tədqiqat universitetləri də yaradılmışdır. Müsabiqənin nəticələrinə görə, Rusiyanın 12 ali tədris müəssisəsi 10 il müddətinə milli tədqiqat universiteti statusu almışdır. Müsabiqənin hər qalibinə federal büdcədən 2009-2018-ci illər üzrə inkişaf proqramının həyata keçirilməsi üçün 1,8 milyard rubl ayrılacaqdır.
Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti məzunlarına xüsusi diplomlar veriləcəyi planlaşdırılır.