DÖVLƏT DUMASINDA “RUSİYA VƏ İSLAM DÜNYASI: STRATEJİ DİALOQ” BİRLİYİ YARADILMIŞDIR
Yeni qurumun əsas vəzifələri Rusiyanın islam dünyası və beynəlxalq müsəlman təşkilatları ilə münasibətlərinin inkişafı problemləri ilə bağlı məsələlər haqqında qanun və qərar layihələri hazırlayıb, onları Dövlət Dumasının müzakirəsinə verməkdən, tanınmış mütəxəssislərin, ictimaiyyətin, elmi tədqiqat institutları nümayəndələrinin iştirakı ilə Rusiyanın və islam dünyasının strateji əməkdaşlığı, qarşılıqlı iqtisadi və mədəni fəaliyyət məsələlərinə dair müşavirə və konfranslar keçirməkdən və digər tədbirlər görməkdən ibarətdir.
Şamil Sultanov (“Rodina” fraksiyası), Zəlimxan Mutsoyev (“Yedinaya Rossiya” fraksiyası), Sergey Reşulski (RFKP fraksiyası sədrinin müavini) və Aleksey Ostrovski (RLDP fraksiyası) “Rusiya və islam dünyası: strateji dialoq” Birliyinin həmsədrləri seçilmişlər.
Birliyin fəaliyyətə başlaması ilə əlaqədar Dövlət Dumasında mətbuat konfransı keçirilmişdir. Yeni qurumun əlaqələndiricisi Şamil Sultanov nəinki digər ölkələrin rəsmi hakimiyyət orqanları ilə, Qərb də daxil olmaqla, bütün əlaqədar tərəflərlə, icma və təşkilatlarla əməkdaşlığın vacibliyi və zəruriliyini vurğulamışdır. O, islama nifrət mövzusuna da toxunaraq demişdir ki, “islama qarşı total müharibə gedir, islam dünyası ilə Rusiyanın arasını vurmağa can atan qüvvələr var. Odur ki, bu siyasətin qarşısını almaq Birliyimizin əsas vəzifələrindən biridir”.
Dövlət Dumasının RF Kommunist Partiyasından olan deputatı Albert Makaşov Rusiyanın və islam dünyasının mənafelərinin uyğun gəldiyini nəzərə çarpdıraraq bildirdi: “Ölkəmiz, ilk növbədə, müsəlman dövlətləri ilə birləşməlidir və biz islam dünyasına yaxınlaşmaqda Prezident Vladimir Putinə kömək etməliyik”.
Sonda jurnalistlərin suallarına cavab verilmişdir