DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ GÖRÜŞ
Görüşdə Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, özəlləşdirmə prosesində türk iş adamlarının iştirakının perspektivləri müzakirə olunmuşdur.
Komitə sədri Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini məmnunluqla vurğulamış, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi islahatlar, o cümlədən özəlləşdirmə prosesi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Yeni yaradılmış komitənin Türkiyə Xarici İqtisadi Əlaqələr Komissiyası ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirən Kərəm Həsənov Azərbaycana sərmayə yatırmaq istəyən türk iş adamlarına özəlləşdiriləcək müəssisələr barədə zəruri məlumatların verilməsi və özəlləşdirmə prosesində iştirakları üçün lazımi şəraitin yaradılmasına hazır olduğunu vurğulamışdır.
Türkiyəli qonaq Azərbaycanda olduğundan məmnun qaldığını bildirmiş və ölkəmizin inkişafı, aparılan quruculuq işləri və əldə edilmiş nailiyyətlərin onda xoş təəssürat doğurduğunu vurğulamışdır. Eyni zamanda Çingiz Gül Türkiyə Xarici İqtisadi Əlaqələr Komissiyasının türk özəl sektor təmsilçilərinin iştirakı ilə yaradıldığını, Türkiyə Palatalar və Birjalar Birliyinin himayəsində fəaliyyət göstərdiyini bildirmiş, təşkilatın Türkiyə ilə digər ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını qeyd etmişdir.
O, Azərbaycandakı biznes mühiti, özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr barədə məlumatların Türkiyənin iş adamları arasında yaymaq imkanları olduğunu və bununla da özəlləşdiriləcək müəssisələrə sərmayə yatırımlarının daha da artırılmasına kömək etmək arzusunda olduğunu bildirmişdir. Türkiyəli qonaq təmsil etdiyi komissiya ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın gələcəkdə daha da möhkəm və davamlı olacağına əminliyini ifadə etmişdir.