DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ GÖRÜŞ
DGK sədri Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan hökuməti, eləcə də Dövlət Gömrük Komitəsi arasında mövcud əlaqələrdən söhbət açmış, nümayəndə heyətinin üzvlərini müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumatlandırmış, gömrük orqanlarının, büdcə gəlirlərinin formalaşmasında yaxından iştirak etməklə, ölkənin müasir vergi siyasətinin təmərküzləşməsinə öz töhfəsini verdiyini bildirmişdir.
Aydın Əliyev ötən il gömrük orqanlarının illik proqnozu vaxtından əvvəl yerinə yetirdiyini, ötən üç ay ərzində dövlət büdcəsinə 125 milyon 629 min manat köçürüldüyünü, proqnozun 101,2 faiz yerinə yetirildiyini xatırlatmışdır.
Azərbaycan Gömrük Xidmətinin müasirləşdirilməsi çərçivəsində görülən işlərdən danışan komitə sədri, bu sahədə həyata keçirilən tədbirləri konkret faktlarla əsaslandırmış, ötən illər ərzində ölkəmizin bir sıra əhəmiyyətli beynəlxalq konvensiyalara qoşulduğunu, məhz buna görə də müasir tələblərə cavab verən qaydaları özündə əks etdirən Gömrük Məcəlləsinin yeni variantının hazırlandığını bildirmişdir.
Gömrük orqanlarının modernləşdirilməsi üzrə uzunmüddətli tədbirlər planının bütün tələblərinin, o cümlədən “Gömrük rəsmiləşdirilməsi və nəzarəti avtomatlaşdırılmış sistem”in BMT İnkişaf Proqramının dəstəyi ilə bütün gömrük orqanlarında tətbiq edildiyini vurğulayan Aydın Əliyev, gömrük brokerlərinin hazırlanması istiqamətində də xeyli irəliləyişə nail olunduğunu diqqətə çatdırmışdır.
Texniki nəzarət vasitələrinin tətbiqinin gömrük işinə müsbət təsirindən danışan DGK sədri qeyd etmişdir ki, bu yaxınlarda ABŞ-ın “SAİC” şirkətindən iritonnajlı konteynerlərə, yüklərə nəzarəti həyata keçirə bilən mobil rentgenoskopik avadanlığın alınması gömrük nəzarətinin keyfiyyətinin daha da yaxşılaşdırılmasına kömək edəcəkdir.
Kadr potensialının gücləndirilməsi, seçilən kadrların peşəkarlığının artırılması Dövlət Gömrük Komitəsinin önəm verdiyi prioritet məsələlərdən olduğunu deyən komitə sədri, müstəqil respublikamızın gömrük orqanlarına xidmətə qəbulun dörd ildir testlə aparıldığını və bu işin uğurla həyata keçirildiyini bildirmişdir.
Vitali Kramarenko Aydın Əliyevi yeni təyinatı münasibətilə təbrik edərək, gömrük sistemində görülən işlərdən razı qaldığını söyləmiş, təmsil etdiyi beynəlxalq maliyyə qurumu ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə etmişdir.