Dövlət İdarəçilik Akademiyasında məsləhət seminarı keçirilmişdir
Bakı, 4 dekabr (AZƏRTAC). Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulması prosesini asanlaşdırmaq və səmərəliliyini artırmaq üçün məsləhət seminarı keçirmişdir. Seminarın məqsədi müsabiqələrdə iştirak etmək istəyən şəxslərə kömək etmək olmuşdur.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda Akademiyanın professor-müəllim heyəti, magistrlar iştirak etmişlər.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov seminarda çıxış edərək Elmin İnkişafı Fondunun yaranması haqqında Azərbaycan Prezidentinin Sərəncamının əhəmiyyətini vurğulamış, bunu ölkəmizin davamlı inkişafına, respublikamızda elmi tərəqqiyə göstərilən dövlət qayğısı kimi dəyərləndirmişdir. Rektor qeyd etmişdir ki, ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması bilik və elmlə bağlıdır.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qurumun qrant müsabiqələri sahəsində cari fəaliyyəti haqqında məlumat vermişdir. O, Fondun qrantların idarə olunması, müsabiqə qaydaları, ərizə və sənəd formalarının tərtibatı, 2014-cü ilin müsabiqəsi haqqında təqdimatla çıxış etmişdir. Təqdimatdan sonra E.Babayev seminar iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
DİA-nın bu təşəbbüsü Fond rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və bu təcrübədən digər qurumların da bəhrələnməsi tövsiyə olunmuşdur.