Dövlət İmtahan Mərkəzi: Apellyasiya Komissiyasına 435 şagird müraciət edib
Bakı, 5 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını təqdim edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 40 minə yaxın şagird iştirak edib və onların ümumilikdə 1000000-dan (bir milyondan) çox tapşırıq üzrə yazı işi olub. Hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) 2000000-dan (iki milyondan) çox yoxlama işi həyata keçirilib.
Aprelin 15-də imtahanın nəticələri açıqlanıb və hər bir iştirakçının DİM-in saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanı olub. Bundan əlavə, imtahanda istifadə olunmuş sual kitabçaları (mətnlər, tapşırıqlar) və dinləmə mətnlərinin audiofaylları DİM-in internet saytında yerləşdirilib. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən 20 gün ərzində imtahanda iştirak etmiş 39672 nəfərdən 21082-i öz nəticələrinə, 8484-ü isə cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxıb.
İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərib və müraciətlər araşdırılıb. Komissiyaya ərizə qəbulu aprelin 20-22-də onlayn (DİM-in saytı vasitəsilə) həyata keçirilib. Ümumilikdə 435 şagird (bütün imtahan verənlərin 1,09 faizi) 1800-ə yaxın tapşırıq (bütün tapşırıqların 0,18 faizi) üzrə qiymətlərinin araşdırılması üçün Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib. Onlardan 72 şagirdin (bütün imtahan verənlərin 0,18 faizi) cəmi 95 tapşırıq (bütün tapşırıqların 0,009 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 72 şagirddən 30 şagirdin işində edilən düzəlişlər onların imtahan zamanı bir tapşırığın həllini (cavabını) başqa tapşırıq üçün ayrılmış sahəyə yazmaları səbəbindən baş verib. Qeyd edək ki, xüsusi karantin rejiminə uyğun olaraq apellyasiya prosesi də onlayn təşkil edilib. Belə ki, elektron ərizələrində “Zoom” proqramı vasitəsilə izah almaq istəyən 166 şagirdlə videobağlantı yaradılıb və yazı işləri müzakirə edilib, 260-dan çox şagirdlə isə seçimlərinə uyğun olaraq telefon vasitəsilə müzakirə aparılıb. Müzakirəyə qoşulmayan şagirdlərin də ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına dair qərarlar verilib.