Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə “Kəşf et - öyrət” layihəsinə start verilib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti (DMX) və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Kəşf et - öyrət” layihəsinə start verilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclərin şəxsi imkanlarından istifadə edərək mədəni dəyərlərin təbliğinə yönəlmiş fəaliyyətlərinə dəstək vermək, eyni zamanda, onları bloggerliyin əhəmiyyəti barədə maarifləndirməkdir.
Layihənin birinci günündə keçirilən təlim iki hissədən ibarət olub.
Birinci hissədə layihənin əsas istiqamətinə uyğun olaraq iştirakçılara tarixi abidələrin qorunmasının əhəmiyyəti, ikinci hissədə isə bloggerlik mövzusuna ilkin baxış həyata keçirilib və buna əsasən tapşırıqlar verilib.
Otuz nəfərin qatıldığı təlimlər fevralın 7-dək davam edəcək.