Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə intellektual yarış keçirilib
Bakı, 8 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilə, gənc nəslin yetişdirilməsinə, onların fərdi bacarıqlarının aşkarlanması və inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ümummilli Liderin şəxsiyyətinə, dühasına dərin ehtiram əlaməti olaraq Xidmət tərəfindən “Heydər Əliyev İli” çərçivəsində həm paytaxt Bakıda, həm də bölgələrdə mütəmadi olaraq müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. Eyni zamanda, silsilə tədbirlərin il ərzində davam etdiriləcəyini diqqətə çatdırıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Oyundan əvvəl Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müəyyən məqamlarını özündə əks etdirən film nümayiş olunub. Sonra intellektual yarışa start verilib.
Oyunda Xidmət əməkdaşları ilə yanaşı, Miqrasiya könüllüləri, Miqrasiya məktəbi layihəsinin təmsilçiləri, Miqrant Şurasının üzvləri, Respublika Həmkarlar İttifaqları Komitəsinin nümayəndələrindən ibarət 100-dən çox iştirakçı 17 komandada mübarizə aparıb. Ümumilikdə komandalara 32 sual təqdim olunub. Suallar əsasən Ulu Öndərin həyat və fəaliyyəti, eyni zamanda, vətənpərvərlik və ümumi dünyagörüşü ilə bağlı olub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda “Tərəqqi” komandası bütün rəqiblərini üstələyərək kubokun sahibi olub. “8 noyabr” və “Azəri-Çıraq-Günəşli” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.
Sonda qalib komandalara diplomlar və hədiyyələr təqdim olunub.