DÖVLƏT ORQANLARINDA ÇALIŞAN GƏNC MƏMURLAR ÜÇÜN TƏLİM KURSLARI BAŞLANMIŞDIR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın və Gürcüstanın dövlət orqanlarında çalışan gənc məmurlar üçün nəzərdə tutulmuş “Beynəlxalq humanitar hüquq” və “İnsan hüquqları” mövzularında açıq mühazirələri Avropa ekspertləri İsveçrə Beynəlxalq Tədqiqatlar İnstitutunun beynəlxalq humanitar hüquq professoru Andrea Biançi, Beynəlxalq Humanitar Hüquq Mərkəzinin direktoru, professor Luiza Dosvald–Bek aparacaqlar.
DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açılış mərasimində çıxış edərək, Azərbaycan və İsveçrə arasında əlaqələrin, həmçinin 1997-ci ildən fəaliyyət göstərən və indiyədək Cənubi Qafqaz üzrə keçirilən layihələrin əhəmiyyətindən danışmışdır.
Rektor “Beynəlxalq ticarət siyasəti və dünya ticarət təşkilatı” mövzusunda ötən il akademiyada keçirilmiş təlim kurslarını xatırlatmış, qeyd edilən layihələrin dövlətlərarası əlaqələrin inkişafına kömək göstərdiyini bildirmişdir.
Təlim kurslarında “Fövqəladə hallar zamanı insan hüquqlarının qorunması”, “Dövlətçiliyin müasir təcrübəsi əsasında beynəlxalq humanitar hüququn inkişafı” mövzularında mühazirələr də dinləniləcək, Beynəlxalq Humanitar Qanunvericilik üzrə insan hüquqları, habelə Beynəlxalq hüquq sahələrinə dair bir sıra əlavə məlumatlar veriləcəkdir.
Təlim kursları mayın 13-də başa çatacaq, iştirakçılara sertifikatlar təqdim olunacaqdır.